Ölkəmizin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilk növbədə qonşularımız olmaqla, bütün dünya xalqları ilə sülh içində yaşamaqdır.
Day.Az xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bu günkü Türkiyə Respublikası, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli bir aktora çevrilib:
"Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsində təhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldə edilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanın mühüm bir hissəsidir.
Lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Qərb mərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun və çoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir. Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır".
B.Akgün vurğulayıb ki, Türkiyə sivilizasiya ənənəsi baxımından da İslam dünyasının mühüm bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir:
"Son illərdə ölkəmiz Türk Dövlətləri Təşkilatı vasitəsilə türk dünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türk dünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu və gözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş bir qurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylik yolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. "Orta Dəhliz" adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütün dünyanın ümumi maraqlarına xidmət edir".