AZ

Ermənistan Türkiyənin Aralıq dənizi limanlarına göz dikib...


Fuad İbrahimov: “İqtisadi aktivliyinin, ticarət dövriyyəsinin artmasının, iqtisadiyyatının şaxələnməsinin yolu...”

Ermənistan hökuməti hazırda qonşu Türkiyə ilə sərhədlərin açılmasının nəticələrini qiymətləndirir. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan oktyabrın 28-də parlamentin daimi komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu dəfə biz Ermənistan-Türkiyə sərhədinin açılmasının ticarətə iqtisadi təsirini, hansı malların idxal edilə biləcəyini, nəyin ixrac edilə biləcəyini və sairi qiymətləndiririk. Maarifləndirmə, iş var, amma bu da öyrənməli olduğumuz bir prosesdir”, - deyə Papoyan bildirib.

Nazirin proqnozlarına görə, Ermənistan-Türkiyə ticarəti potensial olaraq ildə 700-800 milyon dollara qədər arta bilər.

Onun sözlərinə görə, Ermənistan əsasən Türkiyədən dərman, elektrik avadanlıqları və yerli istehsal üçün xammal kimi malları daha münasib qiymətlərlə idxal edə biləcək. Eyni zamanda, yerli məhsulları da ora ixrac edə biləcək.

“Lakin bizim ən böyük üstünlüyümüz odur ki, Ermənistan Türkiyə limanlarından, xüsusən də Aralıq dənizindəki limanlardan istifadə edə biləcək. Bunun üçün bir tərəfdən Marqara keçid məntəqəsindən ən qısa və ən birbaşa marşrut, digər tərəfdən isə Gürcüstan və digər ölkələrdən keçmək lazımdır”, - deyə Papoyan qeyd edib.

Ermənistan Türkiyənin Aralıq dənizindəki limanlarını xüsusilə hədəfləyib. Bu maraq nə ilə bağlıdır? Ermənistan niyə bunu hədəfləyib?

“Türkiyənin Aralıq dənizi limanlarına çıxmaq istəyi...”

İqtisadçı Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın hazırda ümumi sərhədlərinin 82 faizi bağlıdır. “Ermənistanda ümumiyyətlə sərhəd bloklanıb və hər hansı iqtisadi əməliyyatlar aparılmır. Söhbət sərhədlərin 82 faizinin bağlı olmasından gedir ki, bu da Türkiyə və Azərbaycanla sərhədlərdir. Ermənistanın bütün ticarət əlaqələri, ticarət dövriyyəsinin əsas hissəsi Rusiya ilədir. Rusiya ilə də yeganə qapıları var ki, o da ikinci ölkə - Gürcüstan üzərindən Yuxarı Lars qapısıdır”.

F.İbrahimov qeyd etdi ki, Yuxarı Lars qapısından da qış mövsümündə keçid çox çətin olur, onun çox ağır şərtləri var, yayda da çoxsaylı kiçik tutumlu avtomobillərə görə yük avtomobilləri əziyyət çəkir. “Ermənistanın iqtisadi aktivliyinin, ticarət dövriyyəsinin artmasının, iqtisadiyyatının şaxələnməsi bu yolların açılması ilə bağlıdır. Türkiyə ticarət, iqtisadi aktivlik baxımından bölgənin ən aktiv ölkələrindəndir, o cümlədən də Azərbaycan. Bu yolların açılması, eyni zamanda, ana xətt olan Zəngəzur xəttinin də mərhələli şəkildə daxildən şaxələnməsinə imkanlar yaradacaq. Ermənistan bunu çox gözəl bilir. Bunu artıq Ermənistanın iqitisadiyyat naziri deyir. İndiyə qədər bir nəfər də olsun iqtisadçı bu yolların açılmasına mənfi yanaşmayıb. Ermənistan üçün yeganə inkişaf yolu budur. Ona görə də bütün varlıqları ilə çalışırlar ki, bu yolu əldə etsinlər”-deyə F.İbrahimov bildirdi.

F.İbrahimov qeyd etdi ki, bu baxımdan Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında maraqlıdır. Ermənistanın Türkiyənin Aralıq dənizi limanlarına çıxışını faydalı saydığını deyən ekspert bildirdi ki, iki ölkə arasında sərhədin açılmasından sonra bir sıra idxal mallarının qiymətləri aşağı düşəcək: “Ermənistanın sərhədlərin açılması və Türkiyənin Aralıq dənizi limanlarına çıxmaq istəyi təsadüfi deyil, çünki bu baş verərsə Ermənistan bundan faydalana biləcək”.

Başqa bir ekspertin fikrincə, indiyədək bu çıxışın olmaması Ermənistana idxal olunan malların dəyərini əhəmiyyətli dərəcədə artırır və ixracın rəqabətqabiliyyətliliyini azaldır, bu baxımdan, onlar Aralıq dənizi limanlarına çıxmağa ciddi maraq göstərirlər.

Margara sərhəd keçidi ilə bağlı açıqlanan xəbərdə göstərilir ki, Ermənistan hökuməti və xüsusən də onun iqtisadiyyat naziri Gevorg Papoyan açılmaq üzrə olan sərhədlə birliktə Türkiyənin Aralıq dənizində yerləşən limanlarından istifadənin mümkünlüyünü “ən vacib fayda” kimi qiymətləndirir.

Ekspertlər qeyd edirlər ki, Ermənistan donanması və öz limanı olmayan quru ölkədir, bu isə ticarət xərclərini, nəqliyyat məsrəflərini artırır.

Türkiyənin Aralıq dənizi sahilindəki limanlarına çıxış Ermənistan üçün xarici ticarətdə nəqliyyat məsrəflərini azaltmaq baxımından önəmlidir.

Erməni ekspertlərin analizlərinə görə, Türkiyənin Aralıq dənizi limanları Şərqi Aralıq dənizindən konteyner gəmi şirkətlərı üçün daha əlverişlidir. Bu isə nəqliyyat xərclərini aşağı sala bilər.

Məsələn, Qara dəniz limanlarından istifadə bir konteyner üçün 15-20% baha başa gəlir.

Ermənistan-Türkiyə sərhədinin açılması və Türkiyə limanlarına çıxış imkanı regionda nəqliyyat və ticarət marşrutlarını genişləndirmək üçün strateji fürsət kimi qiymətləndirilir.

Ermənistan bu yönümlü “kəsişmə nöqtəsi” rolunu oynamaq istəyir - özü ticarət məhsulu göndərən, həm də tranzit ölkə kimi.

Ermənistan hökuməti hesab edir ki, Türkiyə ilə ticarət həcmi sərhəd açılması ilə illik 700-800 milyon ABŞ dollarına qədər yüksələ bilər.

Limanlara çıxış bu artımın texniki və logistika baxımından mümkün olmasına kömək edəcək.

Ermənistan niyə diqqəti limanlara yönəldib?

Çünki cari vəziyyətdə Ermənistanın ticarət üçün istifadə etdiyi nəqliyyat və logistika marşrutları məhduddur və bahadır. Türkiyə limanlarına çıxış bu mənfi tərəfləri azaltmaq üçün açar rol oynayır.

Hökumət üçün iqtisadi diversifikasiya və xarici ticarətin artması siyasi və iqtisadi strategiyanın bir hissəsidir. Sərhədlər açılarsa, logistika şərtlərinin yaxşılaşması gözlənilir.

Bu, həmçinin, ölkənin regional inteqrasiyasını artırmaq, tranzit rolu almaq və özünü “təcili yalnız idxalçı-çıxışçı ölkə” statusundan çıxarmaq üçün bir vasitədir.

Türkiyə limanlarına çıxış əldə etmək üçün yalnız Türkiyə ilə deyil, həmçinin Gürcüstan və digər ölkələrlə də nəqliyyat marşrutlarının tənzimlənməsi, infrastrukturların hazırlanması lazımdır.

Türkiyə ilə sərhədin açılması, limanlara çıxışın reallaşması prosesində siyasi, iqtisadi və logistika çətinlikləri var: misal üçün, Türkiyənin çox güclü iqtisadiyyata malik olması Ermənistanda daxili istehsala təzyiq yarada bilər.

Nəqliyyat məsrəflərinin yalnız limanı istifadə etməklə “avtomatik olaraq” aşağı düşməsi deyil, marşrutlar, gömrük prosedurları, tranzit ölkələrin şərtləri və inzibati xərclər önəmlidir.

Beləliklə, Ermənistanın Türkiyənin Aralıq dənizindəki limanlarını “xüsusilə hədəf” seçməsi əsasən logistika və tranzit imkanlarını yaxşılaşdırmaq, ticarəti genişləndirmək, xərcləri azaltmaq və regionda daha aktiv rol almaq istəyi ilə bağlıdır.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr