Akif Nağı: “Azərbaycan Prezidenti onlara qarşı elə bir söz işlətməyib”
Ermənistan parlamentinin sabiq deputatı, Ermənistanın Avronestdəki nümayəndə heyətinin keçmiş üzvü Naira Zöhrabyanın Azərbaycana və Azərbaycan rəhbərliyinə qarşı qərəzli çıxışları, saxta ittihamları sərhəd tanımır.
İrəvanda Avronest Parlament Assambleyasının 12-ci plenar iclası keçirilir. Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-da İrəvanda keçirilən 12-ci plenar sessiyasında iştirak etmir, iştirakdan imtina edib. Bildirək ki, Gürcüstan da anoloji addım atıb, bu ölkə də sözügedən tədbirə qatılmayıb.
Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakdan imtina etməsi N.Zöhrabyana yaman pis təsir edib. O deyib ki, bir neçə il əvvəl Ermənistan nümayəndə heyəti daha gərgin bir dövrdə Bakıda keçirilən sessiyada iştirak etməkdən imtina etməyib. Qeyd edib ki, o vaxt nümayəndə heyətinə Daşnaksütyun fraksiyasını təmsil edən Vahan Ovannisyan rəhbərlik edirmiş.
Zöhrabyan deyib ki, erməni nümayəndə heyəti Bakıda Evronest konfransında iştirak edərkən ilk sırada oturublarmış və Azərbaycan Prezidenti İlham Əliyev, guya “baxın, burada erməni faşistləri oturub” deyib. “Əlbəttə ki, plenar iclasın açılışında Əliyev bizə müraciət edərək dedi: "Ön sırada babalarımın məzarlarını təhqir edən faşistlər var". Əsassız olaraq iddia edib ki, Azərbaycan Prezidenti guya onları “faşist” adlandırıb. O, həmçinin deyib ki, Azərbaycan nümayəndə heyətinin Evronestin sessiyasında iştirak etmək üçün İrəvana gəlməməsi o deməkdir ki, sülh sazişindən sonra da Bakıdakı separatçı dəstəni buraxmayacaqlar.
Əlbəttə, Zöhrabyanın Azərbaycan Prezidentinə şər atdığı ortadadır. Görünür, bu adamda bizə qarşı o qədər düşmənçilik, nifrət var ki, onu şər-böhtan dili ilə ifadə edir. Bütün dünya bilir ki, heç zaman Azərbaycan Prezidenti belə bir ifadə işlətməz. Düşmən də olsa, evə gələn qonağa hər hansı mənfi münasibət göstərmək kimi hallar bizim xalqımıza xas xüsusiyyət deyil.
“Sabiq deputatın dedikləri əsassızdır və yalandır”
Zöhrabyanın şərləmə dolu açıqlamasına münasibət bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan nümayəndə heyətinin Evronestin İrəvandakı toplantısına qatılmaması məntiqli və düzgün qərardır. O qeyd etdi ki, Zöhrabyanın, yaxud bir başqasının bunu başqa bir yerə yozması məntiqsizdir. Azərbaycanın mövqeyinin açıq şəkildə ortada olduğunu deyən A.Nağı bildirdi ki, Evronest həmişə Ermənistanın mövqeyini müdafiə edib və Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyib. A.Nağının sözlərinə görə, bu gün sülh müqaviləsi barədə onların səsləndirdiyi fikirlər əsassızdır və sülh prosesinin mərkəzində Azərbaycan dayanıb, Ermənistan şərtləri tam yerinə yetirmədiyi üçün sülh prosesi uzanır. “Zöhrabyan mövqeyi məlum olmayan bir adamdır. Onun Bakıya gəlməsi də, geri qayıdanda etdiyi paylaşımlar da yadımdadır. Paylaşımları Azərbaycan cəmiyyətində etiraz doğurmuşdu. Onun mövqeyi həmişə antiazərbaycan və qızışdırıcı mövqe olub. Azərbaycan nümayəndə heyətinin İrəvana gedib o toplantıda iştirakı qətiyyən mümkün deyildi, bu bizim maraqlarımıza cavab vermir. Gürcülər də iştirakdan imtina edib, onların da öz arqumentləri var. Əgər sülhün, sabitliyin tərəfdardırlarsa, Zöhrabyan kimiləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, Evronestə təsir göstərsinlər. Qoy onlar araçşdırsınlar ki, Azərbaycan nümayəndə heyəti niyə gəlməyib, səbəb nədir, bu imtina haqlıdır, yoxsa haqsız? Təbii ki, Azərbaycan haqlıdır. Belə bir şəraitdə Evronestdə iştirak edə bilməzdi. Çünki orda qoyulan məsələ - ermənilərin Qarabağa qaytarılması məsələsi əsassız və məntiqə sığışmayan bir məsələdir. Onlara heç bir təzyiq göstərilməyib. Amma Evronest bilərəkdən bunu qərəzli şəkildə şərh edir. Bu mövqedən geri çəkilməlidir. Bakıda tam ədalətli, beynəlxalq hüquq normalarına uyğun məhkəməsi gedən erməni caniləri barədə də əsassız iddialar irəli sürürlər. Ermənilər elə obyektivdirlərsə Evronestin hazırladığı qərarların mətninə təsir göstərilməlidir ki, sizin bu mövqeyiniz regionda stabilliyə maneçilik törədir. Siz Azərbaycana qarşı qərəzli mövqe göstərirsiniz ki, Azərbaycan “Evronest”dən kənara çəkilir. Azərbaycan sülh üçün əlindən gələni edir. “Evronest” lazımsız quruma çevrilib”.
N.Zöhrabyanın Azərbaycan Prezidentinə qarşı əsassız fikirlər səsləndirməsinə gəlincə, A.Nağı bildirdi ki, onun səfəri yadındadır, amma belə bir hal baş verməyib: “Həmin görüş Milli Məclisdə idi. Biz də o vaxt Ermənistan nümayəndə heyətinin səfərinə qarşı aksiya keçirirdik. Zöhrabyan da Bakı haqqında “Bakını gəzdik” kimi müsbət mesajlar göndərirdi. Azərbaycan Prezidenti onlara qarşı elə bir söz işlətməyib. Sabiq deputatın dedikləri əsassızdır və yalandır”.
İradə SARIYEVA
 
                        