ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin sədri, Milli Məclisin deputatı Azay Quliyev Vyanada keçirilən ATƏT-in Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə 2025-ci il İcra İclasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, o, iqlim dəyişikliyi, münaqişələr və korrupsiyanın təhlükəsizliklə qarşılıqlı əlaqəsinə diqqət çəkərək, bu problemlərin birgə həllinin ATƏT-in əsas prioritetlərindən birinə çevrilməli olduğunu bildirib.
Azay Quliyev iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də sosial və geosiyasi sabitlik problemi yaratdığını qeyd edib, fəlakət risklərinin azaldılması üçün erkən xəbərdarlıq sistemlərinin və fövqəladə maliyyə fondlarının yaradılmasını təklif edib.
Milli Məclisin deputatı Rusiya-Ukrayna müharibəsinin ekoloji fəlakətlərə yol açdığını vurğulayıb, Qəzzadakı humanitar böhranla bağlı atəşkəsin əldə olunmasını müsbət addım kimi qiymətləndirib.
Nitqinin sonunda Azay Quliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını Cənubi Qafqazda yeni siyasi reallıq kimi dəyərləndirib. O, həmçinin Xəzər dənizinin dayazlaşmasını region üçün ekoloji və iqtisadi təhlükə adlandırıb və Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsini vacib sayıb.
Deputat COP29-un Bakıda uğurla keçirilməsini və illik 300 milyard dollar iqlim maliyyəsi hədəfinin qəbulunu “tarixi nailiyyət” adlandırıb. O, parlamentlərin iqlim və təhlükəsizlik məsələlərində ictimai dəstəyin təmin olunmasında əsas rol oynadığını bildirib.