Zəngəzur dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankaradakı “Kanal7” studiyasında bildirib.
Türkiyəli nazirin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun potensialının açılması səyləri ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması üçün də addımlar atılır. Uraloğlu bildirib ki, Türkiyə daxilində uzunluğu 224 kilometr olan dəmir yolu hissəsində işlərə başlanılıb. Bu hissə Qarsı, İğdırı və Dilucunu birləşdirəcək. Naxçıvanda da mühüm işlər görüləcək. Azərbaycanda infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb. Əsas gözlənti Ermənistan ərazisindən keçəcək 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisinə başlanmasıdır. ABŞ-ın təşəbbüsü ilə bu istiqamətdə razılıq əldə olunub və biz yaxın zamanda işlərin başlanacağını gözləyirik”. Qeyd edək ki, Naxçıvanda həqiqətən də mühüm işlər 9görülür. Burada SSRİ dövründən qalan mövcud dəmir yolu xəttinin - Ermənistan sərhədindən Culfa və oradan Sədərək stansiyasına qədər olan hissəsinin modernləşdirilməsi nəzərdə tutulur. Bu, gələcəkdə Zəngəzur dəhlizi ilə birləşərək bütün türk dünyasını bir logistika sisteminə çevirəcək mühüm həlqədir. Elə bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan da maraqlı bir açıqlama verib: “Hazırda “Tramp yolu” layihəsinin həyata keçirilməsi istiqamətində ABŞ-la intensiv iş aparılır”. Bu layihənin Ermənistan və region üçün yeni olduğunu deyən Paşinyan bildirib ki, yolun açılmasını mükün qədər tez müzakirə edərək, həyata keçirəcəklər.
Erməni baş nazir Vaşinqtonda imzalanan Üçtərəfli Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının öz əksini tapdığını xatırladıb. Zəngəzur və Naxçıvan üzərindən keçən marşrut Gürcüstan istiqamətindən daha qısadır. İlkin hesablamalara görə, Bakıdan Qarsa, ordan İstanbul və ya Mersinə yüklərin daşınması Zəngəzur dəhlizi vasitəsilə 300–350 kilometr daha az məsafə tələb edəcək. Bu, logistika baxımından 1–2 sutka vaxt və ciddi nəqliyyat xərclərinə qənaət deməkdir. Lakin proqnozlara görə, layihənin ilk mərhələsində Zəngəzur dəhlizi Orta Dəhlizin illik buraxılış qabiliyyətinə 5-8 milyon ton əlavə edəcək, daha sonra bu göstərici 15 milyon tona və daha yuxarıya qalxacaq. Bakı-Tiflis-Qars dəmir yolunun planlaşdırılmış 17 milyon tonluq həcmi ilə birlikdə bu iki xəttin ümumi potensialı ildə 30-35 milyon ton səviyyəsinə çatacaq. Təbi ki, Zəngəzur dəhlizi sadəcə dəmir yolu deyil. Bu, bölgələri birləşdirən körpüdür; yeni iqtisadi reallıq yaradır, Azərbaycanın suverenliyini möhkəmləndirir və Azərbaycan–Türkiyə tandemini Avrasiyanın ticarət mərkəzinə çevirir.
Ekspertlər diqqəti ona yönəldir ki, Zəngəzur dəhlizi yeni tarixi şəraitdə iqtisadi və siyasi baxımdan bütöv olan köhnə coğrafiyanın yenidən bərpası hadisəsidir. Bu səbəbdən də dəhlizin açılması məsələsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna marağı olan bütün aktorların diqqət mərkəzindədir. Elə bu fonda Ermənistan da qəbul edir ki, Zəngəzur dəhlizinin açılması hazırda bu ölkənin inkişafı üçün yeganə çıxış yoludur. İkincisi, kommunikasiyaların blokdan çıxması, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın dirçəlməsi, regional və qlobal layihələrə qoşulması deməkdir. Çünki Azərbaycan və Türkiyəni birləşdirəcək bu dəhliz təkcə regionun nəqliyyat xəritəsini dəyişməyəcək, həm də iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu mənada, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistan üçün də əhəmiyyətli iqtisadi və siyasi faydalar vəd edir. Ermənistan uzun illər ərzində regional iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdə qalıb. Azərbaycanın və Türkiyənin sərhədlərinin bağlı olması bu ölkənin ixrac və tranzit imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Nəticədə, Ermənistan əsasən Gürcüstan və İran vasitəsilə xarici bazarlara çıxış əldə edib ki, bu da həm nəqliyyat xərclərinin artmasına, həm də iqtisadi rəqabət qabiliyyətinin azalmasına səbəb olub. Zəngəzur dəhlizinin işə düşməsi bu vəziyyəti köklü şəkildə dəyişəcək. Dəhliz vasitəsilə Ermənistan bir tərəfdən Azərbaycan və Türkiyə ilə, digər tərəfdən isə Mərkəzi Asiya və Avropa bazarları ilə birbaşa əlaqə qura bilər. Bu, ölkənin təcrid vəziyyətinə son qoyaraq, iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin əsas funksiyalarından biri beynəlxalq yükdaşımaların təmin edilməsidir. Ermənistan ərazisindən keçəcək bu marşrut regionun əsas tranzit xəttlərindən birinə çevrilə bilər. Bunun nəticəsində, Ermənistan tranzit haqqı şəklində əlavə gəlir əldə edəcək və logistika sektorunda yeni iş yerləri yaranacaq. Dəhlizin istifadəyə verilməsi Ermənistanın nəqliyyat infrastrukturunun da yenilənməsinə səbəb olacaq. Yeni avtomobil yolları, dəmir yolları və gömrük məntəqələrinin tikintisi dövlət büdcəsinə investisiya axını gətirəcək. Bu proses həm dövlət, həm də özəl sektor üçün iqtisadi canlanma yaradacaq. Ermənistanın iqtisadi potensialı kiçik olsa da, onun üçün ən böyük problem bazarlara çıxışın məhdudluğudur. Zəngəzur dəhlizi bu problemi aradan qaldıra bilər. Dəhliz işə düşərsə, Ermənistan məhsullarını həm Azərbaycan, həm də Türkiyə bazarına ixrac edə biləcək. Bu, xüsusilə kənd təsərrüfatı və yüngül sənaye məhsulları üçün yeni ixrac imkanları yaradar. Türkiyə bazarı Cənubi Qafqaz üçün ən böyük istehlak bazarlarından biridir. Ermənistan şirkətləri bu bazara çıxmaqla istehsal həcmlərini artırmaq, ixracdan gəlir əldə etmək və valyuta axınını gücləndirmək imkanına malik olacaq. Eyni zamanda, Azərbaycan bazarına inteqrasiya yerli istehsalçılar üçün əlavə ticarət şəbəkəsi yaradacaq.
Samirə SƏFƏROVA
 
                        