AZ

Qardaş ölkədə "birlik dövrü" başlayır

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Bəs bu, türklərlə kürdlər arasındakı münasibətlərə necə təsir edəcək? Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, zamanında kürd terroru PKK təşkilatı Türkiyəni parçalamaq, zəiflətmək və cəmiyyətdə qütbləşməni artırmaqla ölkəyə süni təzyiq mexanizmləri yaratmaq məqsədi daşıyırdı: "Bu problem artıq 30 ildən çoxdur ki, Türkiyənin başına bəla olub, böyük itkilərə, hətta yüz milyardlarla, trilyonlarla dollar maddi zərərə səbəb olub. Halbuki bu vəsait xalqın rifahına, ölkənin inkişafına sərf oluna bilərdi. Bu gün “terrorsuz Türkiyə” layihəsi çərçivəsində əsas məqsəd ölkədəki qütbləşməni aradan qaldırmaq, cəmiyyətin vahid olmaq imkanını artırır. Çünki birlik - güc, azadlıq deməkdir. Bu həm də Türkiyənin, türk millətinin həm regional, həm də qlobal səviyyədə geosiyasi maraqlarına xidmət edir".N.Miri qeyd edib ki, artıq Türkiyə 30 il əvvəlki kimi deyil – o, təkcə “oyun pozan” deyil, həm də “oyun quran” bir dövlətdir:"Bu gün Türkiyəsiz regionda və ya dünyada heç bir böyük geosiyasi layihəni həyata keçirmək mümkün deyil. Türkiyə bütün münaqişələrin həllində sülh missiyasını ortaya qoyur. Getdikcə güclənən və böyüyən qardaş ölkənin inkişafının davamlı olması üçün daxili birliyə və milli həmrəyliyə ehtiyac var. Toplum bir mərkəzdən, bir amal uğrunda hərəkət etməli, “çəkiclər eyni nöqtəyə vurulmalıdır”. Bu halda Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməz".Politoloqun sözlərinə görə, türk–kürd münasibətləri kontekstində cəmiyyətdə qütbləşmə aradan qaldırılarsa, bu, həm dominant xalq olan türklərin, həm də kürdlərin xeyrinə olacaq:"Barış və qarşılıqlı anlaşma şəraitində həmin bölgələrdə iqtisadi inkişaf sürətlənəcək, insanların rifah səviyyəsi artacaq, cəmiyyətdə nifrət yerini sevgi və dostluğa verəcək. Türkiyədə bütün xalqların birliyə və barışa ehtiyacı var. Tarix göstərir ki, xalqları parçalamaqla onları zəiflətməyə, üzərlərində hökmranlıq qurmağa çalışıblar. Lakin əsl inkişaf, azadlıq və güc yalnız birlikdən keçir. Bunu anlamayan etnik qruplar güdaza gedib və minlərlə övladlarını itiriblər. Ona görə də hansısa qlobal geosiyasi güclərin əlində alətə çevrilməkdənsə, cəmiyyət bir olub, hürr olmalıdır, möhkəm olmalıdır və kimsənin bu birliyi parçalamasına imkan verməməlidir. Bütün xalqların inkişafı azadlığı, yüksək yaşam səviyyəsi yalnız və yalnız birlikdən keçir və düşünürəm ki, Türkiyədə də bütün etniklər bunu anlayır və yaxud da anlamağa başlayıb".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
48
1
metbuat.az

2Mənbələr