“Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşdığı barədə xəbərlərin yayıldığı fonda futbolçu şayiələrə son qoyub.
“Ölkə.az” xəbər verir ki, əvvəlcə onun menecerinə müraciət edərək, baş məşqçi Xabi Alonso ilə bağlı şərt qoyduğu deyilirdi. Məlumata görə, klubun çalışdırıcısı braziliyalını komandanın əsas oyunçusu kimi görməsə, o, başqa kluba keçməyi planlaşdırıb.
Qeyd edilirdi ki, vəziyyət dəyişməzsə, Vinisius “Real”la müqaviləsini uzatmaq niyyətində deyil.
Lakin futbolçu sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirərək etdiyi davranışa görə üzr istəyib.
"Barselona" ilə oyunda əvəzləndiyim zaman göstərdiyim reaksiyaya görə bütün "Real Madrid" azarkeşlərindən, komanda yoldaşlarımdan, klub rəhbərliyindən bir daha üzr istəyirəm. Bəzən emosiyalar öz sözünü deyir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Xarakterim bu kluba olan sevgimdən qaynaqlanır və hər zaman "Real Madrid" uğrunda mübarizəni davam etdirəcəyimə söz verirəm", - deyə Vinisius bildirib.
Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənən Vinisius narazılığını Alonsoya qarşı sərgiləyib və birbaşa ehtiyat zonaya yollanıb. Qısa müddət sonra isə futbolçu ehtiyat oyunçular skamyasına qayıdaraq matçın son dəqiqələrini komanda yoldaşları ilə birlikdə izləyib.