AZ

Mercedes-Benz-in mənfəəti 70 faiz azalıb

Çində satışların kəskin enməsi və ABŞ rüsumları Alman avtomobil nəhənginə ağır zərbə vurub...

Poliqon xəbər verir ki, Almaniyanın aparıcı avtomobil istehsalçısı Mercedes-Benz üçüncü rübdə mənfəətində kəskin azalma ilə üzləşib. Der Spiegel yazır ki, şirkətin əsas fəaliyyətindən əldə etdiyi əməliyyat mənfəəti 70 faiz azalıb və cəmi 750 milyon avro təşkil edib. Bu göstəriciyə bahalı restrukturizasiya və ixtisar xərcləri də daxildir.

Məlumata görə, Mercedes-Benz yaz aylarından başlayaraq Almaniyada istehsalla birbaşa əlaqəsi olmayan 40 minədək əməkdaşına könüllü şəkildə işdən çıxma və kompensasiya paketi təklif edib. Bu addım şirkətin ümumi xərcləri azaltmaq və dəyişən bazar reallıqlarına uyğunlaşmaq məqsədi daşıyır.

Satışların azalması yalnız Mercedes-Benz üçün deyil, həm də bütün Alman avtomobil sənayesi üçün ciddi problemə çevrilib. Çin bazarında satışların azalmasının əsas səbəbi yerli istehsalçıların sürətlə elektromobillərə keçid etməsi və alman markalarının bu transformasiyada geri qalmasıdır. Xüsusilə Mercedes-Benz və Porsche kimi premium və lüks seqmentlərdə rəqabət itkisi daha kəskin hiss olunur.

ABŞ bazarında vəziyyəti çətinləşdirən amil isə idxal rüsumlarının artmasıdır. Avqustda bu rüsumlar 15 faiz səviyyəsində müəyyən edilsə də, aprel-iyul aylarında 27,5 faizədək yüksəlib. Əvvəllər tətbiq edilən 2,5 faizlik dərəcə ilə müqayisədə bu artım Alman avtomobillərinin ABŞ bazarındakı gəlirliliyini ciddi şəkildə azaldıb.

Avropada isə iqtisadi durğunluq nəticəsində avtomobil tələbi zəifləyib. Bundan əlavə, Çinlə ticarət gərginliyi yeni risklər yaradır: alman sənayesinə vacib komponentlər, xüsusilə Nexperia şirkətindən alınan yarımkeçiricilərin tədarükü kəsilə bilər. Hazırda avtomobil istehsalçıları və təchizatçılar alternativ mənbələr axtarır, eyni zamanda istehsalın müvəqqəti dayanmasına hazırlaşırlar.

Ekspertlər hesab edirlər ki, bu böhran təkcə Mercedes-Benz üçün deyil, həm də ümumilikdə Alman avtomobil sənayesi üçün struktur dəyişikliklərin labüdlüyünü göstərir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr