AZ

Niderlandda parlament seçkilərində “Demokratlar 66” partiyası öndədir

Berlin, 30 oktyabr, AZƏRTAC

Niderlandda hökumət böhranından sonra keçirilən parlament seçkilərində ilk proqnozlara əsasən, “Demokratlar 66” (D66) partiyası öndədir.

AZƏRTAC xəbər verir ki, sosial-liberal mərkəz partiyanın parlamentdəki 150 yerdən 27-sinə sahib olacağı proqnozlaşdırılır. İkinci olan radikal sağçı Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyasının (PVV) 25 deputat mandatına sahib olacağı ehtimal edilir. Liberal yönümlü VVD partiyasının isə 23 yer qazanacağı gözlənilir. Sonrakı yerdə isə Avropa Komissiyasının sabiq vitse-prezidenti Frans Timmermansın rəhbərlik etdiyi Sol-Yaşıl ittifaqı - GroenLinks–PvdA bloku gəlir.

Səsvermə məntəqələri bağlandıqdan sonra açıqlanan bu proqnozlar adətən Niderlandda real nəticələrə çox yaxın olur. Onlar seçkidən sonrakı sorğular əsasında hazırlanır. Proqnozlar özünü doğruldacağı təqdirdə D66-nın 38 yaşlı sədri Rob Yettenin Baş nazir olmaq şansı ən yüksəkdir. Bu nəticə G.Vildersin partiyası üçün 2023-cü illə müqayisədə 12 deputat mandatının itirilməsi deməkdir.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəlmişdilər.

Niderlandda əvvəlki dördpartiyalı koalisiya hökuməti hakimiyyətdə bir ildən bir qədər az qaldıqdan sonra - 2024-cü ilin iyununda dağılmışdı. Hökumətin süqutuna səbəb G.Vildersin daha sərt miqrasiya siyasəti tələbləri ilə bağlı tərəfdaş partiyalarla yaşadığı dərin fikir ayrılığı olmuşdu.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
46
2
azertag.az

3Mənbələr