AZ

Braziliya yarasalarında yeni koronavirus aşkarlanıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Alimlər Braziliya yarasalarında yeni koronavirus növü aşkar ediblər. Bu virusun COVID-19 və Yaxın Şərq respirator sindromuna (MERS) səbəb olan viruslarla genetik oxşarlığı müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“BRZ batCoV” adlandırılan virus Latın Amerikasında geniş yayılmış kiçik ölçülü həşərat yeyən yarasa növündə müəyyən edilib. Tədqiqat üçün nümunələr Braziliyanın Maranyan və San-Paulu ştatlarında toplanıb.

Genetik analiz nəticəsində müəyyən olunub ki, “BRZ batCoV” beta-koronaviruslar ailəsinə aiddir. Bu ailəyə COVID-19 (SARS-CoV-2), MERS (MERS-CoV) və atipik pnevmoniya (SARS-CoV) törədiciləri daxildir.

Tədqiqatçıların sözlərinə görə, yeni koronavirusun insanlar üçün təhlükə yaratdığına dair sübutlar hələlik yoxdur. Bununla belə, alimlər qeyd ediblər ki, “BRZ batCoV”un tikanabənzər zülalında insan və heyvan hüceyrələrindəki fermentlər tərəfindən parçalanma qabiliyyətinə malik qısa bir hissə mövcuddur. Bu xüsusiyyət virusların yoluxduğu orqanizmin hüceyrələrinə daxil olmasını asanlaşdırır.

Alimlərin bildirdiyinə görə, bu cür xüsusiyyət Amerika qitəsindəki yarasalarda müəyyən edilmiş koronaviruslarda əvvəllər qeydə alınmayıb ki, bu da onun Cənubi Amerika populyasiyalarında müstəqil şəkildə inkişaf etdiyini ehtimal etməyə əsas verir.

Seçilən
41
1
azertag.az

2Mənbələr