AZ

Azərbaycan və Ermənistan getdikcə sülhə daha da yaxınlaşır

Münasibətlərin normallaşması real nəticələrdə özünü göstərir

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi bütövlükdə regionun inkişafı üçün vacibdir. Vaşinqton Sammitindən sonra Azərbaycan normallaşma istiqamətində adekvat addımlar atır. Ermənistan da bu addımlara uyğunlaşmağa çalışır. 

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətini aradan qaldırması ilə bağlı jestindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da yeni bir marşrut təklifi ilə çıxış edib. Bu marşrutun səmərəliliyi barədə danışmaq hələ tezdir: "Amma ümumilikdə götürsək, bu, Ermənistanın sülh istiqamətində fəaliyyət cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu, heç bir halda Zəngəzur dəhlizinə alternativ deyil. Digər tərəfdən, bu, Türkiyə-Ermənistan sərhədlərinin açılması anlamına da gəlməməlidir. Çünki rəsmi Ankaranın bu məsələdə mövqeyi prinsipialdır - Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, ilk növbədə, Azərbaycanla əlaqələri normallaşdırmalıdır. Bu kontekstdə Ermənistan rəhbərliyinin yeni marşrut təklifi destruktiv istiqamətlərə yönəlməməlidir. Azərbaycan Ermənistandan gələn konstruktiv təkliflərə hər zaman açıqdır. Burada söhbət tranzit imkanlarından düzgün yararlanmaqdan gedir. Marşrutlar yükdaşımanı artırır, nəqliyyat xərclərini azaldır, eyni zamanda sərhəd bölgələrində tranzit haqları və əlavə iş yerləri üçün potensial yaradır. Təkmilləşdirilmiş infrastruktur həm də nəqliyyat sektoruna investisiyaların cəlb edilməsinə stimul verir və belə layihələr Cənubi Qafqazda nəqliyyat şəbəkələrinin daha genişmiqyaslı inteqrasiyasına töhfə verir, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistan rəhbərliyinə regionun mövcud tranzit reallıqlarını xatırladıb. Qarşı tərəf artıq anlayır ki, Azərbaycan olmadan bu imkanların reallaşması qeyri-mümkündür.

N.Məmmədova vurğulayıb ki, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı dialoq da sülh prosesinə töhfə verən addımlardandır: "Bu günlərdə İrəvanda "xalq diplomatiyası" çərçivəsində vətəndaş cəmiyyəti üzvlərinin ilk görüşü keçirildi. Belə görüşlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, sabit iqtisadi əməkdaşlığın inkişafı, eləcə də birbaşa və uzunmüddətli əlaqələrin qurulması baxımından müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, belə təmaslar intensiv olmalıdır. Bu, iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuların, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivlərinin, humanitar məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır. Sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunması daha effektiv nəticələr əldə etməyə imkan verə bilər".

Deputat hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması artıq real nəticələrdə özünü göstərir. Vaşinqton Sammitində əldə olunan razılaşmalar tərəflərin dayanıqlı sülh istiqamətində praktik addımlar atmasını şərtləndirir. Lakin bu addımlar qarşılıqlı olmalı və heç bir halda tərəfləri yekun sülh sazişindən uzaqlaşdırmamalıdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr