AZ

7 şəhər, 22 kənd, 2 qəsəbə...

Azərbaycan dövləti bu yerlərə yeni həyat bəxş edir

"Böyük qayıdışın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır". 

Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşü zamanı dediyi kimi, düz beş il əvvəl Qarabağ və Şərqi Zəngəzurun  işğaldan azad edilməsi, tarixi ədalətin şanlı Zəfərlə bərqərar olması yalnız başlanğıc idi. Əzəli torpaqlarımızın azadlığından sonra qarşıya qoyulan növbəti hədəf bu yurd yerlərində həyatın tam bərpası, rifahın və sabitliyin təmin edilməsi idi. Qısa zaman kəsiyində həyata keçirilən layihələr, yenidənqurma və bərpa işləri dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda tikilən hər ev, salınan hər yol, əkilən hər ağac gələcək nəsillərə miras qalacaq bir dirçəliş dastanıdır.

Gün keçdikcə Qarabağ və Şərqi Zəngəzur sakinlərinin qovuşduqları yurd yerlərinin sayı artır. Onilliklər boyu ocaqlarına həsrət qalan, vətəndə qəribçilik çəkən keçmiş məcburi köçkünlərimiz üçrəngli bayraqlarımızın bəzədiyi qayıdış karvanları ilə dədə-baba torpaqlarına dönürlər. Ocağına qovuşan hər bir ailə bu torpaqlarda yalnız evini deyil, həm də həyatını, gələcəyini qurur. 

Artıq 20 mindən çox keçmiş məcburi köçkün doğma yurduna qovuşub, 7 şəhər, 2 qəsəbə və 22 kənddə daimi məskunlaşma təmin edilib. Qarabağda və Şərqi Zəngəzurda  keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır. 2026-cı il, Böyük qayıdışın birinci mərhələsi başa çatana qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək.

Elə bir ay, elə bir həftə olmur ki, həsrəti sona yetmiş sakinlərin sevinc göz yaşlarına, vüsal həyəcanlarına şahidlik etməyək. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura etdiyi mütəmadi səfərlər  zamanı burada yeni yaşayış məntəqələrinin bünövrələrini atır, açılışlar edir, görülən işlərlə yerində tanış olur. Əzəli yurdlarına qayıdan sakinlərə evlərinin açarlarını təqdim etmək, onları öz doğma mənzillərində ziyarət etmək, qayıdış sevinclərini bölüşmək artıq ənənəyə çevrilib.

Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin, Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Dövlət başçısı görüş zamanı bildirib ki, ermənilər dədə-baba torpaqlarımızı viran qoyub, biz isə qurub-yaradan xalqıq: "Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram".

2020-ci il oktyabrın 4-də işğaldan azad edilən Horovlu kəndinin təməli 2023-cü ilin mayında qoyulub. Ümumi sahəsi 248 hektar olan kənddə müasir kommunikasiya şəbəkəsi ilə təmin olunmuş 334 fərdi ev inşa edilib. Şəhər və kəndlərin bərpasında milli ruhun qorunmasına xüsusi diqqət yetirilib. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilməsi də bunun bariz nümunəsidir. Kənddə məktəb, körpələr evi-uşaq bağçası, inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi də inşa edilib. Habelə işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa olunub. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Horovlu kəndində 4,4 hektarlıq park kompleksində uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. Eyni zamanda parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması məqsədilə saxlanılıb. Bu, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdıran əyani sübutdur.

Məmmədbəyli kəndinin ümumi sahəsi isə 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib, hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlər günəş panelləri ilə təchiz edilib, su, işıq, qaz və yüksəksürətli internetlə təmin olunub. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da tikilib. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə estetik dəyər qatır. 

Azad edilmiş torpaqlarımızda aqrar və turizm potensialı bərpa olunur, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji zonası"na çevirən günəş və külək stansiyaları tikilir, yeni iş yerləri açılır. Təkcə Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək günəş və su-elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Bu, böyük bir şəhərin enerji tələbatını tam ödəyən göstəricidir. Təbii resurslar və münbit torpaqlar bu regionları gələcəyin inkişaf mərkəzinə çevirir.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan bütün bu genişmiqyaslı layihələr Azərbaycanın maliyyə gücü hesabına həyata keçirilir. Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 

5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,3 milyard manat vəsait nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu torpaqlarda həyata keçirilən hərtərəfli tikinti quruculuq-işləri, şəhər və kəndlərimizin dirçəldilməsi göstərir ki, qarşıda bizi hələ çox qayıdış sevincinə şahid olacağımız illər gözləyir. Qarabağ və Şərqi Zəngəzurda başlayan bu dirçəliş təkcə bölgənin deyil, bütöv Azərbaycanın yenidən doğuluş salnaməsidir.

Ülkər XASPOLADOVA,

"Azərbaycan" 

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr