AZ

Kuba prezidenti “Melissa” qasırğasının yaratdığı böyük dağıntılar barədə məlumat verib

BMT Kubaya və Haitiyə fövqəladə yardımlar üçün 4 milyon dollar ayırıb...

Poliqon xəbər verir ki, Kuba prezidenti Migel Dias-Kanel ölkə ərazisindən keçən “Melissa” qasırğasının ciddi fəsadlar törətdiyini bəyan edib. Dövlət başçısı X sosial şəbəkəsində yazıb.

“Səhər çox ağır keçdi... Genişmiqyaslı dağıntılar var. ‘Melissa’ hələ də Kuba üzərinə qəzəbini tökür”, deyə prezident yazıb.

Migel Dias-Kanel əhalini təhlükəsiz sığınacaqlarda qalmağa çağırıb və vurğulayıb ki, bərpa işlərinə hava şəraiti imkan verən kimi başlanılacaq.

BMT-nin məlumatına görə, Haiti və Kuba üçün Mərkəzi Fövqəladə Hallara Cavab Fondundan hər birinə 4 milyon dollar ayrılıb. Bu vəsait qasırğaya hazırlıq və onun nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunacaq.

“Melissa” qasırğası oktyabrın 29-na keçən gecə Kubanın şərq sahillərinə çırpılıb. Paytaxt Havanada güclü külək və leysan yağışları nəticəsində elektrik enerjisi fasilələrlə verilib.

Bundan əvvəl qasırğa Yamayka sahillərinə çataraq Saffir–Simpson şkalası üzrə beşinci — ən yüksək kateqoriyaya çatmışdı və burada da ciddi dağıntılara səbəb olmuşdu. Hazırda “Melissa” üçüncü kateqoriyalı qasırğa kimi qiymətləndirilir.

Meteoroloqların fikrincə, “Melissa” Karib hövzəsində son illərin ən güclü tropik fırtınalarından biridir və yaxın günlərdə Mərkəzi Amerikanın bəzi hissələrinə də təsir göstərə bilər.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr