AZ

İstedadı gələcək uğurlarından soraq verir

Redaksiyamızın budəfəki qonağı sanki özü ilə kiçik  bir muzey də  gətirmişdi. Burada nələr yoxdur? Diplomlar, fəxri fərmanlar və sertifikatlarla dolu bir qovluq. Onlar  illər boyu əldə etdiyi uğurların sadəcə formal göstəricisi yox, bir ömrün, insan iradəsinin, daim axtarışda olan, öyrənən və inkişaf arzusunda olan bir qız uşağının yol xəritəsi idi. Bu kiçik xanımın indiyədək qazandığı mükafatların sadəcə adlarını yazsaq, bir neçə səhifəlik uzun bir siyahı alınar. 

Onun fitri istedadını anlamaq üçün cəmi bircə fakt kifayətdir - həmsöhbətimiz artıq  100-dən çox reklam çarxında və bir çox sənədli filmdə rol alıb. "Adəm və Həvva", "İfşa" və çəkilişləri davam edən "8" serialında tamamilə fərqli xarakterləri canlandıraraq istedadlı bir aktyor olduğunu sübut edib.  Bunların üzərinə bədii gimnastika üzrə dəfələrlə respublika birincisi olmasını da əlavə etsək, onun hərtərəfli xanım olduğu barədə aydın təsəvvür yaranar.

Onun heç ali təhsili də yoxdur. Çünki cəmi 12 yaşı var. Hazırda Bakının 8 nömrəli orta məktəbinin 6-cı sinfində təhsil alır. Amma əlavə Rəşid Behbudov adına Musiqi Məktəbində oxuyur. Violonçel sinfində təhsil alan bu balaca istedad həm musiqi duyumunu inkişaf etdirir, həm də səhnə mədəniyyətinin sirlərini öyrənir. Uşaqların çoxu bu yaşda hələ hansı sahəyə yönələcəyinə qərar vermədiyi halda, Ahu artıq Azərbaycan səhnəsində uşaq rollarının peşəkar ifaçılarından biri kimi tanınır. Həm çalışqanlığı, həm də mənalı baxışlarının arxasında gizlənən istedadı gələcəkdə daha böyük uğurlarından soraq verir.

Ahu haqqında ilk dəfə Əməkdar artist, professor Azad Şükürovdan eşitmişdik. "8" serialında çəkilən tərəfdaşı haqqında bəhs edən professor vurğulayıb: "Mən bu gün aktyorluq sənətinin qeyri-adı bir istedad sahibi ilə  rastlaşmışam. Yaşının az olmasına baxmayaraq, əsl peşəkarlıq nümunəsi göstərir. Elə yaşlı, təcrübəli aktyorlar var ki, onlar meyitxanada çəkilə bilmirlər, vahimələnirlər. Ahu isə yaşının az olmasına baxmayaraq, bizi təəccübləndirməyi bacarır. Hesab edirəm ki, Ahu sona kimi bu sənətlə məşğul olsa, gələcəkdə Azərbaycan aktyorluq sənətinin ən parlaq simalarından olacaq".

Ahu ilə söhbət etdikcə hiss etdik ki, bu balaca qızcığazın arzuları böyükdür. Onlar sadəcə bir uşağın arzusu, xəyalı deyildi, düşündüklərinə addım-addım yaxınlaşan bir qəhrəmanın gələcək həyat və yaradıcılıq yolu idi. Ahu deyir: "Düşünürəm ki, həyatda özümə layiq yer tutmaq üçün yaxşı oxumalı və çalışmalıyam. Türk, ingilis, rus dillərini sərbəst bilirəm. Xarici dil öyrənmək üçün özümə müəyyən vaxt ayırmışam. Hər gün mütəmadi olaraq dil öyrənməklə məşğul oluram. Oxuduğum məktəbdə dərs əlaçısıyam. Musiqi məktəbində isə müəllimlərim istedadlı şagird olduğumu deyirlər. Bədii gimnastika sahəsində dəfələrlə respublika birincisi olmuşam. Düşünürəm ki, həyatda uğur qazanmaq üçün insan etdiklərinə bəs deməməli, arxayın olmamalıdır. Qarşıma qoyduğum hədəf var. Bunun üçün mütləq daim öz üzərimdə çalışmalıyam. Arzum Türkiyədə çəkilən filmlərdə uşaq obrazlarında rol almaqdır. Sonra isə daha geniş, dünya  miqyasında filmlərə çəkilmək istəyirəm. Özümü daha çox dramatik rollarda görürüəm. Əgər komediya janrında rejissorlardan hər hansı təklif gəlsə, qəbul etmərəm. Bu mənim xarakterimə və daxili dünyama uyğun olmaz".

Danışığında özünə inam, təmkin olan Ahu Əliyevanın uğurları sübut edir ki, insanın fitri istedadı anadangəlmə olsa da, onu cilalayan və hədəfə yaxınlaşdıran məhz zəhmət, öz üzərində çalışmaq və məsuliyyətdir. O, çalışmağı sevir, hər addımında mükəmməllik axtarır, oxumağı və məsuliyyətli olmağı özünə borc bilir.

Onunla söhbət etdikcə anladıq ki, Ahu balamız üçün uğur təsadüfi nəticə deyil. O həm peşəkarlığı, həm insanlığı, həm də ictimai fəallığı ilə yaşadığı cəmiyyət üçün bir nümunədir. Hər uğurunun arxasında çalışqanlıq, hər qələbəsinin özəyində sarsılmaz iradə dayanır.

Ahu Əliyeva yalnız bir sahənin nümayəndəsi deyil. O, həyatına dəyər qatan, enerjisi ilə ətrafına ruh verən, istedadı ilə seçilən, gələcək həyatı üçün öz yolunu uşaqkən müəyyənləşdirən və artıq formalaşmış şəxsiyyətdir. Təhsilindən tutmuş ictimai fəaliyyətinə qədər bütün mərhələlərdə ardıcıllığı, məsuliyyəti, işinə olan sevgisi aydın görünür. Bu qızcığazın yolunda təsadüfə yer yoxdur. Hər şey düşünülmüş addımların, səylə qurulan planların, ən əsası qəlbin səmimi istəyinin nəticəsidir. Bütün bunlar isə bir daha təsdiqləyir ki, istedadın yaşı olmur. 

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr