Pusan görüşündə tərəflər ticarət-iqtisadi ziddiyyətlərin aradan qaldırılması istiqamətində “ümidverici irəliləyiş” əldə etdiklərini bildiriblər...
Poliqon xəbər verir ki, Çin Mərkəzi Televiziyası (CCTV) məlumatına görə, Çin Xalq Respublikasının sədri Si Tsinpin ABŞ prezidenti Donald Tramp ilə Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqlarda iki ölkənin nümayəndə heyətlərinin əsas ticarət-iqtisadi problemlərin həlli üzrə baza səviyyəsində konsensusa gəldiyini açıqlayıb.
“İki ölkənin iqtisadi və ticarət qrupları qarşılıqlı narahatlıq doğuran əsas məsələlərin həlli istiqamətində baza səviyyəsində razılıq əldə ediblər və bu, ümidverici nəticədir... Mən illərdir açıq şəkildə deyirəm ki, Çin və ABŞ rəqib deyil, tərəfdaş və dost olmalıdırlar. Buna həm tarix, həm də reallıq bizi məcbur edir”, deyə Si Tsinpin görüş zamanı bildirib.
Xatırladaq ki, Tramp görüşdən əvvəl açıqlamasında Si Tsinpinlə dialoqa böyük ümidlər bəslədiyini demişdi. ABŞ və Çin hazırda ticarət müharibəsi vəziyyətindədir. Tramp, əgər danışıqlar istədiyi nəticəni verərsə, Çindən idxal olunan mallara tətbiq etdiyi əlavə gömrük rüsumlarını azaltmağı planlaşdırdığını bildirib.
ABŞ prezidenti bu tariflərin tətbiqini Çindən ABŞ-a fentanil maddəsinin qeyri-qanuni ticarətinə töhfə verən komponentlərin ixracı ilə əsaslandırmışdı.
Müşahidəçilərin fikrincə, Pusan danışıqları iki nəhəng iqtisadiyyat arasında uzun illərdir davam edən gərginliyi yumşaltmaq və gələcəkdə strateji sabitliyin bərpasına zəmin yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Poliqon.info
 
                        