Avropa sərhəd xidməti "Frontex"in məlumatına görə, 2025-ci ilin 9 ayında Avropa İttidaqı (Aİ) ərazisinə qanunsuz girişlərin sayı 22 faiz azalaraq 133400-ə düşüb. Beynəlxalq Miqrasiya Təşkilatı isə qeyd edib ki, bu il Aralıq dənizi marşrutlarında 1328 nəfər ölüb və ya itkin düşüb.
Ən kəskin azalma Qərbi Afrika marşrutunda qeydə alınıb - burada qanunsuz sərhəd keçidlərinin sayı 58 faiz azalıb. Qərbi Balkan və Şərqin quru sərhəd marşrutlarında da qeyri-leqal keçidlərdə azalma qeydə alınıb - müvafiq olaraq 47 və 36 faiz.
Mütəxəssislər qanunsuz keçidlərin azalmasının qlobal münaqişələr və hətta ətraf mühitlə əlaqəli olduğunu bildirirlər. Avropa Siyasət Mərkəzinin (EPC) Miqrasiya və Müxtəliflik üzrə Avropa Proqramının siyasi təhlilçisi Helena Han "Euronews" telekanalına bildirib ki, ümumi azalma bir sıra amillərlə, o cümlədən münaqişələrin yaranması və ya dayandırılması, siyasi müəyyənsizlik, sərhəd idarəçiliyi üzrə daha sıx əməkdaşlıq və hava şəraiti ilə əlaqələndirilə bilər. Ekspert həmçinin beynəlxalq miqrantların və məcburi köçkünlərin sayının 2020-ci ildən bəri artdığını deyib.
Digər marşrutlar aktiv olaraq qalır və ya artım müşahidə olunur. Mərkəzi Aralıq dənizi ən işlək marşrutdur və bu il bütün qanunsuz girişlərin təxminən 40 faizini təşkil edir. Burada əsas ölkə 2024-cü illə müqayisədə gedişlərdə 50 faiz artım qeydə alınan Liviyadır. Həmin marşrutdakı miqrantların əksəriyyəti Banqladeş, Eritreya və Misirdəndir.
Qərbi Aralıq dənizi marşrutunda da qanunsuz keçidlər 28 faiz artıb. Bu il həmin marşrutda aşkarlanan halların təxminən dörddəüçü Əlcəzairdəki insanlarla bağlı olub. "Frontex"in hesabatına görə, Mərakeşdə profilaktik tədbirlərin gücləndirilməsi daha çox insanı Əlcəzairdə qaçaqmalçılığa əl atmağa təşviq edib. Bu da öz növbəsində Əlcəzair və Mərakeş qaçaqmalçılıq şəbəkələri arasında daha sıx əməkdaşlığa və bəzi əməliyyatların Əlcəzair ərazisinə köçürülməsinə səbəb olub.
Statistikanın ümumi azalmasına baxmayaraq, insan itkisi yüksək olaraq qalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə Aralıq dənizi marşrutları boyunca əksəriyyəti kişilər olan 1328 miqrant həlak olub və ya itkin düşüb. Mərkəzi Aralıq dənizi marşrutu ən ölümcül marşrutdur. Orada 895 nəfər həyatını itirib. Ölüm hallarının əsas səbəbi suda boğulmadır.
O da qeyd olunur ki, bir çox miqrant qanuni səyahət etməyə cəhd edib və yalnız viza verilmədikdən sonra qeyri-leqal hərəkətə keçib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"