Müasir dünyanın sürətli ritmi, stres, yuxusuzluq, elektron cihazların fasiləsiz istifadəsi sağlamlığa ciddi təsir edir. Bunların təsir etdiyi, getdikcə daha çox insanın həyat keyfiyyətini aşağı salan xəstəliklərdən biri də miqrendir. Mütəxəssislər hesab edirlər ki, bu amillər sadəcə prosesi sürətləndirir. Onlar miqrenin əsas səbəbi deyillər.
Dünyada milyonlarla insana təsir edən bu nevroloji narahatlıq, adətən, başın bir tərəfində hiss edilən şiddətli, döyüntülü ağrı, işığa və səsə həssaslıq, ürəkbulanma kimi əlamətlərlə müşahidə edilir. Miqrendən öncə bəzi insanlar özlərində xəbərdarlıq siqnalları hiss edirlər. Bu siqnallar aura adlanır. Aura özünü görmə sahəsinin bir hissəsini tutan işıq ləkələri, qulaqda zəng səsi, bədənin müəyyən hissələrinin keyiməsi, danışıqda çətinlik əlamətləri ilə göstərir.
Miqren, adətən, 4 saatdan 3 günədək, böyüklərdə 4-72 saat, yeniyetmələrdə isə 2-72 saat davam edir. Tədqiqatlara görə, xəstələrin 89 faizi miqrenin onların psixi sağlamlıqlarına mənfi təsir göstərdiyini bildirirlər.
Sağlam vərdişlər ən yaxşı dərmandır
Miqren çox vaxt adi baş ağrısı ilə qarışdırılır. Lakin, əslində, bu, beynin işindəki mürəkkəb pozğunluqların nəticəsidir. Xəstəliyin yaranmasına sinir hüceyrələri arasındakı əlaqənin pozulması, beyindəki kimyəvi maddələrin tarazlığının dəyişməsi, qan damarlarının genişlənməsi-daralması kimi proseslər səbəb olur. Buna görə də miqren təkcə baş ağrısı deyil, nevroloji xəstəlik hesab olunur.
Yeni araşdırmalar göstərir ki, hər üç qadından biri miqrendən əziyyət çəkir və bu nisbət ildən-ilə artır. Qadınlarda estrogen və progesteron səviyyəsi kişilərə nisbətən daha yüksəkdir və bu hormonlardakı dəyişikliklər miqrenə səbəb ola bilir. Hormon terapiyası bəzən kömək etsə də, bəzi hallarda ağrıları daha da gücləndirir. Mütəxəssislər həmçinin qeyd edirlər ki, miqren çox vaxt irsi yolla, hətta ana xətti ilə keçən xəstəlikdir.
Son illər aparılan araşdırmalar göstərir ki, sağlam həyat tərzi və düzgün gündəlik vərdişlər miqren tutmalarının qarşısını almaqda mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, müntəzəm fiziki fəaliyyət miqrenin qarşısını alan effektiv üsullardan biridir. İdman zamanı beyində xoşbəxtlik hormonu sayılan endorfinlər ifraz olunur.
Yüngül qaçış, yoqa, üzgüçülük və pilates kimi fəaliyyətlər qan dövranını yaxşılaşdırır, stresi azaldır və sinir sistemini balansda saxlayır. Lakin ağır idman növləri və qəfil intensiv hərəkətlər bəzi insanlarda miqreni "oyada" bilər. Buna görə də həkimlə məsləhətləşərək bədənə uyğun idman növü seçmək vacibdir.
Fiziki hərəkətlə yanaşı, yuxu rejiminin tənzimlənməsi də önəmlidir. Mütəxəssislər sutkada 7-8 saat yuxunu ideal hesab edirlər. Bəzən insanlar daha çox yatmağın faydalı olduğunu düşünsələr də, həkimlər bildirirlər ki, az yatmaq nə qədər zərərdirsə, çox yatmaq da ən azı onun qədər zərərlidir.
"20-20-20" qaydası
Kompüter qarşısında uzun müddət fasiləsiz işləyən insanlarda göz yorğunluğu və boyun əzələlərinin gərginliyi miqren tutmalarını artırır. Buna görə də hər 40-50 dəqiqədən bir qalxıb hərəkət etmək, boyun və çiyin əzələlərini rahatlaşdırmaq, masa arxasında düzgün oturuşu qorumaq və ekran hündürlüyünü göz səviyyəsinə uyğunlaşdırmaq tövsiyə olunur.
Mütəxəssislər "20-20-20" qaydasının tətbiqini tövsiyə edirlər. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut (təxminən 6 metr) uzaqlığa baxmaq göz əzələlərini rahatlaşdırır. Monitorun işığının çox parlaq və ya zəif olmamasına diqqət edilməlidir.
Yemək vərdişlərini dəyişdirmək və rasiona balanslı, faydalı və mövsümə uyğun qidalar daxil etmək miqrenin qarşısını almağa kömək edir. Hollandiyanın Leiden Universitetinin araşdırmasına əsasən, miqren xəstələrinin 30 faizi müəyyən qidaların baş ağrılarını artırdığını bildiriblər.
Həkimlər xəstələrə pivə, şərab, şokolad, pendir, qəhvə, çay və digər kofeinli içkilər, həmçinin duzlu yeməklər, işlənmiş ətlər, sitrus meyvələri, donuz əti, lobya, noxud, karides və xərçəng kimi qidalardan uzaq durmağı tövsiyə edirlər. Lakin bu məhsullar hər insana eyni dərəcədə təsir etmir. Hər kəs öz orqanizmini tanımalı və ağrıları artıran qidaların qəbulunu məhdudlaşdımalıdır. Bundan əlavə, kifayət qədər su içmək də miqrenlə mübarizədə vacibdir. Orqanizmin susuz qalması beyindəki damarların daralmasına və miqren ağrılarının şiddətlənməsinə səbəb olur.
Əgər görülən tədbirlər kömək etmirsə, miqren tutmaları tez-tez baş verirsə, ağrılar uzunmüddətli və şiddətlidirsə, mütləq nevroloqa müraciət etmək lazımdır. Miqren düzgün diaqnoz, həyat tərzinin tənzimlənməsi və vaxtında müalicə ilə idarə oluna bilən xəstəlikdir. Əsas olan orqanizmi dinləmək, vərdişləri dəyişmək və səhhətə biganə qalmamaqdır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"