AZ

Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi – HÖKM

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən – Kərim Fərəczadə, Tahir Malikov, Əjdər Cabbarov və onun qardaşı Pənah Cabbarovun (hər birinin adı, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Kərim Fərəczadə 3 il 5 ay 26 gün, Tahir Malikov 11 ay 26 gün, Əjdər Cabbarov 1 il 5 ay 26 gün və Pənah Cabbarov 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktına görə, hadisə 18 may 2025-ci il tarixdə, saat 20 radələrində, Astara rayonu, Çayoba kəndində yerləşən “Ümüd” restoranında keçirilən toy şənliyi zamanı qeydə alınıb.


Kərim Fərəczadə tanışları - Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla bir qrup şəxs halında restoranın həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib.


Belə ki, Kərim Fərəczadə tanışı, zərərçəkmiş Habil Yusifovun (adı, soyadı şərtidir) anasının onların barəsində xoşagəlməz ifadələr işlədildiyini eşidib. O, bu məsələni aydınlaşdırmaq məqsədilə onu restoranın həyətinə çağırıb. Kərim zərərçəkmişin anasının söylədiyi sözləri bəhanə edərək heç bir əsaslı səbəb olmadan və insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub. O, Habilin üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirib. Zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra isə qrupun digər üzvü –Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla birlikdə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.


Ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində tərəflər ayrıldıqdan sonra Habil nalayiq ifadələr işlədib və butulka ilə onlara hücum edib. Bu zaman həmin şəxslər qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, zərərçəkmiş şəxsə təkrarən yumruq və təpiklə zərbələr endiriblər. Nəticədə onlar Habilə bədən xəsarətləri yetirilib.


Hadisədən sonra dəstə üzvləri saxlanılıb və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2025, 09:02   
Seçilən
18
3
pravda.az

4Mənbələr