AZ

Dünyada şəkərin qiyməti daim düşür, bizdə qalxır...


Akif Nəsirli: “Şəkər idxalı və topdansatışında bir neçə iri şirkət fəaliyyət göstərir və bazar onların nəzarətindədir”

Son aylar dünyada şəkərin qiymətində baş verən kəskin ucuzlaşma Azərbaycanda demək olar özünü göstərmir. Hazırda paytaxt Bakıdakı marketlərdə qənd ortalama 2 manat 10 qəpiyə, şəkər tozu isə 1 manat 49 qəpiyə satılır.

Halbuki, dünyada hazırda şəkərin qiyməti son illərin minimum səviyyəsinə -bir funt (0.45 kq) üçün 14.48 sentə (25 qəpik) enib. Şəkərin qiymətinin son bir ayda 12.04, son bir ildə isə 34.22 faiz aşağı düşüb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə Azərbaycanda da şəkər, qənd istehsalı (21.6 faiz) artıb.

Məlumat üçün bildirək ki, Azərbaycan şəkər emalında istifadə olunan əsas xammallardan birini – şəkər qamışını Braziliyadan idxal edir. Bu ilin ilk 8 ayında Braziliyadan 247 min ton şəkər qamışı gətirilib ki, bunun da bir tonunun orta gömrük dəyəri 890 manat olub. Ötən ilin eyni dövründə Braziliyadan idxal edilən şəkər qamışının bir tonunun orta gömrük dəyəri 1000 manatdan artıq olub.

Lakin onu da bildirək ki, son bir ildə şəkərin dünya bazarlarında ucuzlaşması, eyni zamanda Braziliyadan idxal edilən şəkər qamışının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında ucuzlaşma qeydə alınmayıb.

Maraqlıdır, şəkər dünyada ucuzlaşdığı halda Azərbaycanda niyə bu baş vermir?

“İdxalda inhisarçılıq bazarın qiymət ucuzlaşmasına reaksiyasını ləngidir”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir neçə amillə əlaqələndirdi: “Bu ziddiyyətin bir neçə iqtisadi və struktur səbəbi var. Əvvəla, Azərbaycan şəkərin bir hissəsini daxildə istehsal etsə də, əsas xammal - şəkər çuğunduru və xam şəkər - xaricdən idxal olunur. Yəni qlobal ucuzlaşma, birbaşa olaraq, daxili istehsal xərclərini azalda bilmir. Şəkərin istehsal və tədarük zəncirində daşınma, gömrük, enerji və logistika xərcləri mühüm paya malikdir və bu amillər son aylarda azalmayıb. Əksinə, nəqliyyat və sığorta xərclərinin, xüsusən Qara dəniz marşrutu üzərindəki risqlərin artması nəticəsində idxalın maya dəyəri yüksək qalır. Manatın sabit məzənnə siyasəti də qiymətlərin dəyişməməsinə təsir edən faktorlardandır. Şəkər beynəlxalq bazarda dollarla qiymətləndirilir və idxalçılar uzunmüddətli müqavilələr əsasında alış həyata keçirirlər. Dünya bazarında qiymətlər ucuzlaşsa belə, bu müqavilələrin təsiri ilə ucuz xammal hələ daxili bazara daxil olmur. İdxalçılar, eyni zamanda, valyuta risqlərinə qarşı ehtiyat marjası saxladıqları üçün qiymətləri dərhal endirməyə meylli olmurlar. Digər vacib məsələ bazar strukturudur. Azərbaycanda şəkər idxalı və topdansatışında cəmi bir neçə iri şirkət fəaliyyət göstərir və bazar payı əsasən onların nəzarətindədir. Bu şəraitdə rəqabət zəif olduğundan qiymət azalmaları ləng baş verir. Ərzaq bazarında tez-tez müşahidə olunan “qiymət inersiyası” burada da özünü göstərir, yəni qiymətlər artdıqda dərhal bahalaşır, lakin ucuzlaşma mərhələsi çox yavaş gedir. Qısa desək, idxalda inhisarçılıq bazarın qiymət ucuzlaşmasına reaksiyasını ləngidir. Marketlərdə satılan məhsulların əhəmiyyətli hissəsi bir neçə ay əvvəl daha yüksək qiymətlə alınmış topdansatış partiyalarıdır. Bu səbəbdən, dünya bazarındakı ucuzlaşmanın real təsiri, ən yaxşı halda, bir neçə ay gecikmə ilə hiss olunur. Eyni zamanda, şəkər strateji ərzaq məhsulu hesab edilir və daxili tələbat sabit qalır. İnsanlar bu məhsuldan imtina etmədiyi üçün satıcıların qiyməti azaltmaq üçün ciddi təzyiqi yoxdur. Beləliklə, şəkərin dünya bazarındakı enişi hələlik Azərbaycanın daxili bazarına tam ötürülmür. Xammalın idxal asılılığı, sabit məzənnə siyasəti, logistika xərclərinin yüksəkliyi və az rəqabətli bazar strukturu qiymətlərin sabit qalmasına səbəb olur. Əgər qlobal qiymət azalma tendensiyası növbəti iki-üç ayda da davam etsə, yeni idxal partiyaları bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma müşahidə edilə bilər. Lakin qısamüddətli perspektivdə qiymətlərin ciddi enməsi gözlənilmir. Azərbaycanın şəkər bazarı hələlik dünya ucuzlaşmasının kölgəsində, lakin öz iqtisadi reallıqlarının içində qalır”.

Vidadi ORDAHALLI

Seçilən
22
baki-xeber.com

1Mənbələr