AZ

Kivi bol olsa da, alıcısı yoxdur - Fermerlər həyəcan təbili çalır

ASTARA, 30 oktyabr. TELEQRAF

Astaranın kivi bağlarında bu il meyvə bol olsa da, alıcı tapılmır. Yüksək məhsuldarlıq fermerləri sevindirsə də, satışda yaşanan durğunluq onları maddi baxımdan çətin vəziyyətə salıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bağ sahibi Rəşad Həsənovun sözlərinə görə, mövsüm artıq başa çatmaq üzrədir, lakin alıcı demək olar ki, yoxdur.

Onun sözlərinə görə, məhsul bağlarda çürüyür və əgər yaxın günlərdə vəziyyət dəyişməsə, tonlarla kivi yararsız hala düşəcək.

Fermerlər qeyd ediblər ki, ötən il həm daxili, həm də xarici bazarlarda kiviyə tələbat yüksək olub və məhsulun kiloqramı 3 manata satılıb. Bu il isə bazarlarda marağın azalması səbəbindən məhsul yığıla bilmir.

Bağlarda vəziyyət belə davam edərsə, noyabrın sonuna qədər yığım aparılmadığı üçün budama prosesi zamanı kivilər tullantı kimi yığılaraq atılacaq.

Digər bağ sahibi Polad Rzayev isə bildirib ki, qiymətlərin aşağı düşməsi və xarici ölkələrdən gətirilən məhsulların bazara çıxarılması yerli istehsalçıların satış imkanlarını məhdudlaşdırır.

Mütəxəssislər hesab edirlər ki, bölgədə emal müəssisələrinin yaradılması və ixrac dəhlizlərinin genişləndirilməsi fermerlərin gələcəkdə bu cür çətinliklərlə üzləşməməsi üçün əsas həll yoludur. Həmçinin, fermerlər arasında satış kooperativlərinin yaradılması da, məhsulun bazarlara çıxarılmasına imkan verə bilər.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr