BAKI, 30 oktyabr. TELEQRAF
Keçən ilin sonunda Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya 28 milyard dollar həcmində investisiya cəlb etməyə nail olub. Bunu Suriya Prezidenti Əhməd Şaraa açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Middle East Online” məlumat yayıb.
“Əsədin devrilməsindən sonra ölkəyə təxminən 28 milyard dollar həcmində investisiya daxil olub. Suriyada imkanlar çox böyükdür, burada hər kəs üçün yer var. Hesab edirəm ki, bu gün dünya Suriyadan böyük fayda əldə edəcək, ölkəmiz malların daşınması üçün mühüm ticarət mərkəzinə çevriləcək”, - o bildirib.
Qeyd olunur ki, hazırda Suriya uzunmüddətli müharibə nəticəsində dağıdılmış iqtisadiyyatını bərpa etməyə çalışır. Onilliklər ərzində ölkə həm də hakimiyyətə qarşı tətbiq edilən sanksiyalar səbəbindən əhəmiyyətli investisiyalar cəlb edə bilməyib. Dünya Bankı Suriyanın bərpasının dəyərini 216 milyard dollar məbləğində qiymətləndirib.