RSF silahlı dəstələrinin hücumu nəticəsində minlərlə dinc sakin öldürülüb, peyk görüntüləri kütləvi məzarlıqları təsdiqləyir...
Poliqon xəbər verir ki, Sudanın Əl-Fəşir şəhərində vəziyyət kritik həddə çatıb. Şəhəri Sudan ordusunun geri çəkilməsindən sonra nəzarətə alan RSF (Rapid Support Forces) silahlı dəstələri kütləvi qətllər törədiblər. Beynəlxalq müşahidəçilər bildirirlər ki, hadisələrin miqyası o qədər genişdir ki, qırğınların izləri peyk görüntülərində belə aşkarlanıb.
Mənbələrin məlumatına görə, son bir həftə ərzində təxminən 2 min dinc sakin öldürülüb. Şahidlər iddia edirlər ki, qadınlar və uşaqlar kütləvi zorakılığa, o cümlədən təcavüz və edamlara məruz qalıb. Peyk şəkillərində bir neçə kütləvi məzarlığın mövcudluğu da təsdiqlənib.
Əl-Fəşir bölgəsi son aylarda RSF qüvvələri ilə Sudan ordusu arasında qarşıdurmaların mərkəzinə çevrilib. RSF-nin şəhəri tam ələ keçirməsi humanitar fəlakətə və qaçqın axınının artmasına səbəb olub. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu hadisələri “müharibə cinayətləri və etnik təmizləmə” kimi qiymətləndirirlər.
BMT və Afrika İttifaqı rəhbərliyi RSF qüvvələrini dərhal atəşkəsə çağırıb və müstəqil beynəlxalq istintaqın aparılmasını tələb edib. Lakin bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və humanitar yardım təşkilatlarının şəhərə girişi hələ də məhduddur.
Poliqon.info