AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, Mətbuatla iş üzrə baş mütəxəssis Ayşən Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Elnurə Əzizovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib:

"Bu layihə sizdən sonra gələn tələbələrimiz üçün motivasiya mənbəyidir ki, institutda sadəcə elmi-akademik fəaliyyətlə deyil, həmçinin ictimai prosesdə seçilən tələbələrimiz müəyyən qurumlar tərəfindən təltif edilib, diqqət mərkəzində saxlanılırlar.
Bu il siz həmin layihə çərçivəsində uyğun görülən, institutun yaxşı təmsil etdiyinə inanılan və gələcəkdə də digər tələbələr üçün yaxşı nümunə olduğuna inanılan tələbələr olaraq seçilmisiniz. Düşünürəm ki, bu sizdə həm motivasiya yaradacaq, həm də məsuliyyətinizi daha da artıracaq. Çünki hər iki xüsusiyyət ancaq bu tələbə adına layiq görüldükdən sonra faydalı olmağa səbəb ola bilər.
Məzun olana qədər hər biriniz digər tələbələrə nümunə olmalısınız. Burada əyləşən tələbələrin təsadüfən seçim olunduğunu zənn etmirəm. Bu münasibətlə sizi bir daha təbrik edirəm".
Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

"İlk növbədə hər birinizi səmimiyyətlə salamlayır, bu gün mükafata layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Yüzlərlə tələbə arasından seçilərək ilk onluğa daxil olmaq həm böyük qürur, həm də dərin məsuliyyət hissi doğuran bir nailiyyətdir. Bu uğur, universitetinizin sizin tələbəlik illərində nümayiş etdirdiyiniz bilik, bacarıq və əzmkarlığı yüksək qiymətləndirdiyini göstərir.
Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz ki, son dərəcə vacibdir. Lakin bu uğurların universitet divarlarını aşaraq, cəmiyyət və media tərəfindən də tanınması, gənclər üçün daha geniş bir motivasiya mənbəyinə çevrilir. Belə tanınma, tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır və onların gələcək fəaliyyətinə əlavə stimul verir.
Artıq üç ildir ki, AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi də məhz bundan ibarətdir. Tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların səsini daha geniş ictimaiyyətə çatdırmaq. Layihənin gələcək perspektivi isə, şübhəsiz, onun əhatə dairəsini genişləndirərək Azərbaycanın bütün universitetlərini bu təşəbbüsə cəlb etməkdir".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan İlahiyyat İnstitutunun "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Emil Qasımov- İlahiyyat fakültəsinin tələbəsi;
Murad Zalov - İlahiyyat fakültəsinin tələbəsi;
Cəlal Cəfərli - İlahiyyat fakültəsinin tələbəsi;
Reyhan Şirinova - İslamşünaslıq ixtisasının tələbəsi;
Qismət Rzayev - İlahiyyat fakültəsinin tələbəsi;
Zəhra Eyvazova -İlahiyyat fakültəsinin tələbəsi;
Məryəm Əzizova - İlahiyyat fakültəsinin tələbəsi;
Zeynəb Xəlilli - İlahiyyat fakültəsinin tələbəsi;
Səidə Mirsalamova- İlahiyyat fakültəsinin tələbəsi;
Turqay Qurbanov - İlahiyyat fakültəsinin tələbəsi.
