Kapital Bank müştərilərindən biri Birbank tətbiqindəki bonus sisteminin qeyri-sabit işlədiyini bildirib. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Elxan Xanalızadə bankın xidmətlərindən narazılığını ictimai şəkildə ifadə edib.
Xanalızadənin sözlərinə görə, Birbank tətbiqində kiçik məbləğli ödənişlərdə bonuslar dərhal hesaba köçürülür. Məsələn, ictimai nəqliyyatda edilən ödənişlərə görə müştəriyə saniyələr ərzində 0,03 qəpik bonus verilir. Lakin ödəniş məbləği böyük olduqda sistemin gecikmələr və xətalarla üzləşdiyini deyir.
“Maraqlıdır ki, məbləğ az olanda bonus dərhal gəlir, amma ödəniş bir az çox olanda sistem sanki ‘sancıya düşür’. Süni intellekt çatbotunuz da bu vəziyyətdən çaşıb qaldı, hətta error mesajı verdi,” – deyə müştəri paylaşımında qeyd edib.
Onun sözlərinə görə, aptekdə etdiyi alış-verişdən sonra bonus hesabına köçürülmədiyi üçün süni intellekt botu ilə yazışıb, lakin problem həll olunmayıb. Bank qəbzin surətini tələb edib, o isə göndərib. Buna baxmayaraq, bir saat sonra “qəbzdə Buta Aptekin adı yoxdur” cavabını alıb.
Müştəri əlavə edib ki, “Buta Aptek” adını qəbzdə qırmızı dairə ilə işarələyərək yenidən göndərib, lakin bundan sonra da sistem cavab verməyib.
Xanalızadə bildirib ki, belə texniki nasazlıqlar və müştəriyə laqeyd yanaşma bankın reputasiyasına mənfi təsir göstərir.
Qeyd edək ki, son zamanlar bir sıra Birbank istifadəçiləri də bonusların gecikməsi və çatbot sisteminin cavabsız qalması ilə bağlı oxşar şikayətlər səsləndirirlər.