Bu günlərdə PKK terror təşkilatı Türkiyədən tamamilə çıxacağını bəyan edib. Bununla bağlı İraqın şimalında Qəndil dağlarında keçirilən mərasim zamanı oxunan bəyanatda bildirilib. PKK rəsmi Ankara ilə razılaşdırılmış silahsızlanma prosesi çərçivəsində bütün yaraqlılarını Türkiyədən çıxarmağa başladığını bəyan edib. Qruplaşma bu qərarın “azad, demokratik və qardaş həyatı”nın əsaslarını qoymaq və Türkiyə ilə silahlı qarşıdurmanı başa çatdırmaq üçün nəzərdə tutulduğuna xidmət etdiyini bildirib.
Qardaş ölkənin rəsmi dairələri PKK-nın bəyanatına münasibət bildiriblər. Türkiyə prezidentinin mətbuat katibi Ömər Çelik PKK-nın bu addımını “hökumətin məqsədi olan “Terrorsuz Türkiyə”nin reallaşdırılmasının konkret nəticəsi” adlandırıb və bunun prosesin hüquqi aspektlərinin parlament tərəfindən nəzərdən keçirilməsi üçün “müsbət əsas” yaratdığını qeyd edib.
Terror təşkilatının birbaşa və dolayı iştirakı ilə yazılan qanlı tarix
Müasir Türkiyə tarixinin bir sıra qanlı səhifələri məhz PKK terror təşkilatının bilavasitə və yaxud dolayı iştirakı ilə yazılıb. Bölücü terror təşkilatı 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə ilk hücumunu həyata keçirib. Həmin tarixdən etibarən terror təşkilatı ilə mübarizədə qardaş ölkənin 10 minə yaxın təhlükəsizlik xidməti əməkdaşı şəhid olub, 50 minə yaxın insan həyatını itirib. Eyni zamanda, terror təhdidlərinin nəticəsi olaraq ayrı-ayrı bölgələrin çoxlu sayda dinc sakini öz ev-eşiklərini tərk etmək məcburiyyətində qalıb. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranıb, iqtisadiyyata təxminən 2 trilyon dollar həcmində ziyan dəyib.
Eyni zamanda, qeyd olunmalıdır ki, PKK yalnız Türkiyə daxilində fəaliyyət göstərməyib. Terror təşkilatının qonşu ölkələrdə də qolları yaradılıb. Bu isə qardaş ölkə üçün xarici təhdid anlamında qəbul olunur. Təsadüfi deyildir ki, Türkiyə ötən illər ərzində terrorçulara qarşı mübarizəni iki cəbhədə - həm ölkə daxilində, həm də qonşu dövlətlərin ərazisində aparmaq məcburiyyətində qalıb.
Bütün bunlar böyük itkidir və qardaş ölkə öz tarixində terror səhifəsini birdəfəlik bağlamaq istəyir. Türkiyənin PKK-ya qarşı mübarizəsi beynəlxalq səviyyədə aparılan fəal diplomatiya və sahədə həyata keçirilən əməliyyatlarla tamamlanır. Dövlətin və cəmiyyətin həmrəyliyi şəraitində aparılan qətiyyətli fəaliyyətlər nəticə verir. İndiyədək Türkiyənin PKK-ya qarşı ölkə daxilində və qonşu dövlətlərin ərazisində həyata keçirdiyi silahlı əməliyyatlar ayrı-ayrı qruplaşmaların məhv edilməsi ilə yekunlaşırdı. Bu,əlbəttə ki, xarici güclərin də dəstəyi ilə yaxşı strukturlaşmış terror şəbəkəsinin sonunu gətirə bilməzdi. Dağlarda çətin coğrafi şəraitdə keçirilən əməliyyatlar həm də Türkiyə Silahlı Qüvvələrinin itkiləri hesabına başa gəlirdi. Lakin hər nə qədər çətin olsa da, Türkiyə terrorçulara qarşı mübarizəni səngitmədi, əksinə, getdikcə daha qətiyyətli davranışlar sərgilədi ki, bu da öz bəhrəsini verdi.
Türkiyənin böyük uğuru - PKK-nın silahsızlaşdırılması
Cari ildən etibarən PKK-nın silahsızlaşdırılmasına başlanılması qardaş ölkənin “Terrorsuz Türkiyə” hədəfinin reallaşdırılması yolunda çox mühüm mərhələdir. Prosesə PKK terror təşkilatı tərəfdarlarının cari il iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahların təhvil verilməsi ilə başlanıb. Silahların təhvil verməsi Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışa və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində reallaşır. Artıq terrorçular Türkiyə dövlətinin gücünü və qətiyyətini görürlər və müqavimətin əhəmiyyətsiz olduğunu başa düşürlər. Xatırladaq ki, İmralıda ömürlük həbs cəzasına məhkum edilən PKK lideri Abdullah Öcalan 27 fevral 2025-ci il tarixli “Sülh və demokratik cəmiyyət çağırışı”nda rəhbərlik etdiyi təşkilatdan silahların təhvil verilməsini istəyib. O, tərəfdarlarına qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya haqqında qərar qəbul etmək lazım olduğunu vurğulamışdı. Bundan sonra Türkiyə antiterror əməliyyatlarını dayandırmışdı. Sonradan Öcalan bu xüsusda videomüraciət ünvanlayıb. “Prosesin ümumi mənzərəsi çərçivəsində silahların könüllü şəkildə buraxılması və Türkiyə Böyük Millət Məclisində səlahiyyətli və qanunla yaradılması planlaşdırılan əhatəli bir komissiyanın fəaliyyəti mühüm əhəmiyyət daşıyır”, - deyə PKK lideri müraciətində vurğulayıb.
Silahların ilk təhvil verilməsi mərasimi təhlükəsizlik məqsədi ilə media üçün qapalı, ayrıca bir məkanda həyata keçirilib. Lakin bu, heç də məlumatların mediadan gizlədilməsi anlamına gəlmir. Görüntülər media nümayəndələri ilə ekran vasitəsilə paylaşılıb. Bütövlükdə media üçün bütün imkanlar təmin edilib. Silahların ilk təhvil verilməsi mərasimində terror qruplaşmasının sıravi üzvləri ilə yanaşı, PKK-nın rəhbərliyindəki şəxslər də iştirak ediblər. Alınan silahlar xüsusi ayrılmış yerlərdə zərərsizləşdirilib. Proses Milli Kəşfiyyat Təşkilatının (MİT) və Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında reallaşıb. Silahların təhvil verilməsini həmçinin Şimali İraqın regional rəhbərliyi və Bağdadın mərkəzi hökumətinin rəsmiləri də izləyiblər.
Türkiyə PKK-nın silahsızlaşdırılmasını fasiləsiz şəkildə həyata keçirilməsində israrlıdır. Silahı yerə qoyan PKK üzvlərinin İraqda qalmaları razılaşdırılıb, lakin onların təşkilati fəaliyyətlə məşğul olmaları qadağan edilib. Onlar habelə təşkilatın adından açıqlama verə bilməzlər. Türkiyədə heç bir cinayət törətməyən və İraqın şimalındakı terror aktlarında iştirak etmədiyi təsbit olunan PKK üzvləri Türkiyəyə qayıda biləcəklər. Bunu istəyən təşkilat üzvləri İraqda da qala və ya Suriyaya keçə bilərlər. Murat Karayılan, Cəmil Bayık və Mustafa Karasu kimi sayı 30-40 nəfər olan PKK/KCK yüksək rütbəli rəhbərliyinin Türkiyəyə qayıtmasına icazə verilməyib.
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, terrorçuların silahsızlaşdırılması üçün konkret vaxt çərçivəsi müəyyənləşdirlib. Belə ki, təxminən 2 min nəfər terrorçu üçün proqnozlaşdırılan müddət 2 - 5 ay arasındadır. Vaxtın uzadılması yeni risklərə və təhlükələrə yol aça bilər. Buna görə də qardaş ölkə əvvəlki oxşar proseslərdən fərqli olaraq bu dəfə silahların təhvil alınmasını konkret zaman çərçivəsində sonuclamaq niyyətindədir. Proses çərçivəsində həmçinin kənd yerlərindəki böyük silah anbarları da təslim ediləcək. Tərk-silahın Ankara, Ərbil və Bağdadda yaradılan mərkəzlərin koordinasiyası ilə reallaşması nəzərdə tutulur.
Bu proses zamanı həbsxanada olan 5 minə yaxın PKK-çının vəziyyəti, cinayətləri, cəzalarının çəkilməmiş hissələri, yaşları və sağlamlıqları nəzərə alınmaqla yenidən qiymətləndiriləcək. Təşkilatın üzvlüyünə cəlb etdiyi və ya qaçırıldığı zaman uşaq olan bir çox gənc üçün reabilitasiya və inteqrasiya proqramları həyata keçiriləcək.
Türkiyənin budəfəki həmləsi həmçinin daha geniş coğrafiyanın əhatə olunması ilə fərqlənir. “Terrorsuz Türkiyə” prosesi İraqda uğurla həyata keçirildikdən və konkret nəticələr verdikdən sonra regional dinamika əsas götürülməklə PKK-nın Suriyada da tərkisilah edilməsi nəzərdə tutulur.
PKK regional təhdid olaraq qalacaq
Öcalanın çağırışı ilə PKK üzvlərinin cari ilin iyul ayından etibarən silahsızlaşdırılması prosesinə start veriləndə onların Türkiyə cəmiyyətinə inteqrasiya olunacaqları güman edilirdı. Yəni təşkilat üzvləri də Türkiyə cəmiyyətinin bir hissəsinə çevriləcəkdilər. Lakin başlanmış proses yekunlaşmadan PKK üzvlərinin Türkiyədən çıxması gündəmə gəlib. Bu, yeni bir prosesdir. PKK Türkiyədən çıxır. İlk baxışda qardaş ölkənin onilliklər ərzində arzuladığı bir hadisə izlənəcək, Türkiyə PKK-çılardan xilas olacaq. Lakin terror təşkilatının üzvlərinin Türkiyəni tərk etmələrinin xoş niyyətlə həyata keçirildiyini söyləmək hələ tezdir. Müəmmalı məqamlar çoxdur. Narahatlıq yaradan ən mühüm məqam silahların gələcək taleyi ilə bağlıdır. PKK üzvləri ölkədən silahlarını təhvil vermədən çıxmaq niyyətindədirlər. Beləliklə, terrorçuların Türkiyədən çıxmaları daxili risk amilini sıfırlasa da, gələcəkdə xarici təhdid ehtimallarını gücləndirir. Sanki bir silahlı qruplaşma yerdəyişmə edir ki, bu da PKK üzvlərinin Türkiyə daxilində fəaliyyətlərindən heç də az təhlükəli deyil. Nəzərə almaq lazımdır ki, PKK-nın İraq, Suriya və digər ölkələrdə qolları var. Türkiyədən çıxan silahlıların yeni ünvanlarda və yeni düşərgələrdə məskunlaşmaları tam realdır.
Vurğulamaq yerinə düşər ki, si?ahlı PKK Türkiyə kimi, digər ölkələr üçün də potensial təhlükə hesab edilir. İraqın şimalında Regional Administrasiya ilə PKK arasında zaman-zaman toqquşmalar yaşanır. Administrasiya bu silahlıları ərazilərini işğal edən bir qruplaşma olaraq görür. Bu səbəbdən də PKK üzvlərinə qarşı mübarizə aparırlar. Şimaldakı yerli idarəetmə orqanı da PKK-nın kürd etnik qrupun adından fəaliyyət göstərməsinə qarşı çıxış edir.
İraqın mərkəzi hökuməti də bu qruplaşmanı qanunsuz sayır. Hətta onunla bağlı təbliğat aparılmasına qadağa qoyulub. Beləliklə, görünən odur ki, Türkiyədən çıxan PKK üzvlərini İraqda da arzuedilən qonaq qismində gözləmirlər.
Suriya ilə də bağlı oxşar fikirləri bölüşmək mümkündür. PKK-nın Suriyadakı YPG/PYD qollarının yaratdıqları “Suriya Demokratik Gücləri” (“SDG”) adlı silahlı qruplaşma bu ölkədə məlum hakimiyyət əvəzlənməsindən sonra da pozuculuq əməllərini davam etdirir. Son aylar “SDG” qüvvələri və Suriya ordusu arasında tez-tez silahlı toqquşmalar baş verir. Cari ilin mart ayında Suriya lideri Əhməd əş-Şaraa ilə “SDG” başçısı Məzlum Abdi arasında razılaşma imzalanmışdı. Onda “SDG” ölkənin yeni idarəetməsinin qurumlarına inteqrasiya olmağı qəbul etmişdi. Səkkiz maddəlik razılaşmaya əsasən, “kürd icması, Suriya dövlətinin ayrılmaz bir parçası” olaraq tanınır və “vətəndaş olma hüquqları daxil, bütün konstitusion hüquqları” zəmanət altına alınır. Lakin sonradan PKK razılaşmanı pozaraq Suriyanın şimalında İraqdakı kimi özünüidarəetmə administrasiyasının yaranması istəyini gündəmə gətirdi.
İzlənilən proseslər onu deməyə əsas verir ki, PKK-nın Türkiyədən çıxmasını terror təşkilatının tam zərərsiz bir quruma çevriləcəyi anlamında qəbul etmək mümkün deyil. Nə qədər ki, silah PKK-çıların əlində olacaq, onlar Türkiyə və digər region dövlətləri üçün potensial təhlükə olaraq qalacaqlar. Buna görə də PKK-ya qarşı mübarizə regional platforma çərçivəsində daha qətiyyətli şəkildə davam etdirilməlidir.
Mübariz FEYİZLİ