Kamran Əsədov hesab edir ki, peşə təhsilinin yalnız nəzəri yönü deyil, həm də istehsal və iqtisadi reallıqlara uyğun praktiki mahiyyəti güclənməlidir
“Azərbaycanla Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq mühüm istiqamət kimi dəyərləndirilir”. Bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib. İclasda 2024-2025-ci illər üçün birgə fəaliyyət planının icrasının davam etdiyi, Bakıda “Qida texnologiyası” ixtisası üzrə Belarus tədris modeli əsasında kadr hazırlığı həyata keçiriləcəyini vurğulayıblar. Eyni zamanda Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib.
Belarus özlüyündə sovet ənənələrini və sistemini müəyyən qədər saxlayan ölkədir. Peşə təhsili sovet dönəmində kifayət qədər yaxşı olub. Azərbaycanda isə müstəqillik illərində ali təhsilə - diplom almaq həvəsinə maraq peşə məktəblərinə marağı azaldır.
İndi Belarus təcrübəsindən istifadəyə keçid ediləcək. Bu model bizə nə verə bilər? Peşə təhsilinə marağı necə artırmaq olar?

Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda peşə təhsili uzun illər ərzində təhsil sisteminin ən zəif bəndlərindən biri olaraq qalıb. Halbuki ölkənin iqtisadi inkişaf strategiyasında sənaye, kənd təsərrüfatı, logistika, xidmət və texnologiya sahələrində ixtisaslı kadr tələbatı ildən-ilə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda əmək bazarına çıxan gənclərin təxminən 70 faizi ali təhsil diplomu almağa çalışır, halbuki real sektorun 60 faizdən çoxu peşə ixtisaslı işçi çatışmazlığından əziyyət çəkir. Bu balanssızlıq həm təhsil siyasətinin, həm də sosial gözləntilərin yenidən düşünülməsini tələb edir. Məhz bu kontekstdə Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasında 2024-2025-ci illəri əhatə edən birgə fəaliyyət planının icrasının davam etdiyi, Bakıda “Qida texnologiyası” ixtisası üzrə Belarus modeli əsasında kadr hazırlığına başlanacağı vurğulanıb. Bu qərar Elm və Təhsil Nazirliyinin peşə təhsilinə sistemli yanaşmasının tərkib hissəsidir. Nazirliyin 2023-cü ildə qəbul etdiyi “Peşə təhsilinin inkişafı üzrə 2022-2026-cı illər üçün dövlət proqramı”nda qeyd olunur ki, məqsəd peşə təhsili müəssisələrində tədris proqramlarının müasir texnologiyalara əsaslanan, əmək bazarının real tələblərinə uyğunlaşdırılmasıdır. Belarus modeli bu hədəfə çatmaq üçün praktiki baza yaradır, çünki Belarus postsovet məkanında ən inteqrativ və istehsalla sıx əlaqəli peşə təhsili sistemlərindən birinə malikdir".
Ekspert vurğulayır ki, Belarusda peşə təhsili müəssisələri dövlət və özəl müəssisələrlə birbaşa əməkdaşlıq edir, tələbələr təhsil müddətinin 40-60 faizini istehsalatda keçirir, məzunların 90 faizindən çoxu dərhal işlə təmin olunur. Bu, həm iqtisadi, həm sosial cəhətdən uğurlu modeldir. Azərbaycanda isə hələ də peşə təhsili məzunlarının yalnız 42 faizi ixtisası üzrə iş tapa bilir. Belarus modelinin tətbiqi bu göstəricinin artımına real zəmin yaradır.
Müsbət tərəflər ondan ibarətdir ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan peşə məktəblərində kadr hazırlığı prosesi nəzəriyyədən çox praktikaya əsaslanacaq, müəssisə və istehsal sahələri ilə birgə təlim sistemi formalaşacaq. Əmək Məcəlləsinin 5-ci maddəsinə görə, işəgötürənlər əmək münasibətlərində peşə hazırlığı keçmiş və sertifikatlı şəxslərə üstünlük verməlidir. Belarus modeli bu tələbin real tətbiqini təmin edə bilər, çünki bu sistemdə hər bir məzun eyni zamanda istehsal təcrübəsinə malik olur. Bundan əlavə, “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində göstərilir ki, peşə təhsili kadrların əmək bazarına hazırlanmasını təmin edən təhsil pilləsidir. Lakin bu norma uzun müddət formal xarakter daşıyıb. Yeni əməkdaşlıq bu qanunun real icrasını təmin etmək üçün praktiki mexanizm yaradır.
Mənfi tərəfi isə ondan ibarətdir ki, Belarus modelinin uğurlu tətbiqi üçün Azərbaycanda mövcud peşə məktəblərinin maddi-texniki bazası, laboratoriyalar və avadanlıqlar kifayət qədər müasirləşdirilməyib. Hazırda ölkədə 120-dən çox peşə təhsili müəssisəsi fəaliyyət göstərsə də, onların yalnız 35 faizində istehsalat təlimi üçün zəruri texniki baza var. Bu, adaptasiya dövrünü uzada bilər. Lakin Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi modernizasiya proqramları (məsələn, peşə təhsili üzrə regional mərkəzlərin yaradılması) bu prosesi sürətləndirə bilər".

Kamran Əsədov
Kamran Əsədov dünya təcrübəsinə nəzər salaraq qeyd edib ki, Almaniya, İsveçrə, Avstriya və Finlandiya kimi ölkələrdə peşə təhsili iqtisadi modelin ayrılmaz hissəsinə çevrilib: “Almaniyada dual təhsil sistemində tələbələr tədris vaxtının 60 faizini müəssisədə işləməklə keçirir və həm maaş alır, həm də praktiki bacarıqlar qazanır. Nəticədə Almaniyada gənclər arasında işsizlik səviyyəsi cəmi 6,2 faizdir. Azərbaycanda isə bu göstərici 11,8 faiz təşkil edir. Belarus modeli alman dual sisteminə yaxınlaşdırılmış formadadır və adaptasiyası bu fərqi azaltmağa kömək edə bilər. Bu əməkdaşlıq həmçinin sosial baxımdan da mühüm nəticələr doğura bilər. Regionlarda yaşayan gənclərin, xüsusilə qızların peşə təhsilinə cəlbi artacaq, ailələr üçün təhsil xərcləri azalacaq, yerli istehsal sahələrinə kadr axını təmin olunacaq. Məsələn, Belarusda kənd təsərrüfatı və qida sənayesi üzrə ixtisaslar 40 faiz tələbə tərəfindən seçilirsə, Azərbaycanda bu göstərici cəmi 8 faizdir. Bu fərqin aradan qaldırılması kənd regionlarının iqtisadi dirçəlişinə də müsbət təsir göstərəcək.
Hesab edirəm ki, Belarus modelinə əsaslanan peşə təhsilinə keçid Azərbaycanda təhsilin yalnız nəzəri yönünü deyil, həm də istehsal və iqtisadi reallıqlara uyğun praktiki mahiyyətini gücləndirəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar strateji baxımdan düzgün və uzaqgörən qərardır. Bu modelin tətbiqi ilə Azərbaycan tədricən “diplom iqtisadiyyatından” bacarıq və istehsalyönümlü iqtisadi modelə keçid edə bilər. Bunun üçün əsas vəzifə - təhsil proqramlarının sənaye tələbi ilə uzlaşdırılması, infrastrukturun gücləndirilməsi və ictimai düşüncədə peşə təhsilinin nüfuzunun artırılmasıdır. Bu, həm təhsilin keyfiyyətinə, həm də milli iqtisadiyyatın dayanıqlılığına mühüm töhfə verəcək".
Afaq MİRAYİQ, 
“Yeni Müsavat”
 
                        