AZ

Zəfər ünvanlarında Böyük Qayıdış təntənələri

Azad Qarabağ və Şərqi Zəngəzur yenidən cənnətə çevrilir

Prezident İlham Əliyevin oktyabrın 28-də Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin, eləcə də Cəbrayılın Horovlu kəndinin sakinləri ilə görüşləri işğalçıdan təmizlənmiş torpaqlarda həyatın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət başçısının bu yaşayış məntəqələrində sakinlərə mənzillərin açarlarını təqdim etməsi sosial layihənin icrası ilə bərabər, həm də “Böyük Qayıdış”ın strateji məntiqinin – azad torpaqlarda insanın, həyatın və milli kimliyin bərpasının rəmzi təcəssümü oldu. Azərbaycan liderinin “Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir” sözləri həm konkret faktların, həm də milli yaddaşın bərpasının ifadəsi kimi diqqət çəkirdi.

Zəngilanın Ağalı kəndindən başlanan bu proses artıq bütün Qarabağ və Şərqi Zəngəzurda sistemli, planlı dövlət siyasəti kimi həyata keçirilir. Dövlətin bu siyasəti ilə təkcə ev tikilmir, infrastruktur qurulmur, eyni zamanda, insanı öz doğma torpağı ilə qovuşur, milli kimliyi isə real həyatla yenidən birləşir.

Qeyd edək ki, ilk “ağıllı” kənd modeli olan Ağalı artıq Azərbaycan reallığının rəmzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu yaşayış məntəqəsinə 3 il əvvəl köçən ailələrin həyatına nəzər salarkən məskunlaşmanı “dövlət nə lazımdırsa edib, vətəndaşlar isə bu torpağı gözəl bir bağa çeviriblər” kimi yüksək dəyərləndirib. Ümumiyyətlə, Vətən savaşından sonra “Böyük Qayıdış” fonunda səsləndirilən bu ifadə, eyni zamanda, dövlət-vətəndaş həmrəyliyinin fəlsəfəsinə çevrilib.

Yeri gəlmişkən, əgər işğal illərində Qarabağ viran qalmışdısa, bu gün burada həyatın, zəhmətin və ümidin izi görünür. Azərbaycan Prezidentinin sözləri ilə desək, “xalqımız ermənilərin viran qoyduğu şəhər və kəndləri indi yenidən qurub-yaradır”. Ağalıda və Məmmədbəylidə yeni binalar, məktəblər, sosial obyektlər, müasir infrastruktur, ən əsası isə gələcəyə böyük inam var. Dövlətin yaratdığı şərait vətəndaşın zəhməti ilə birləşərək bərpa prosesini dirçəlişə çevirir.

Zəngilan rayonunun Məmmədbəyli kəndində 180 ailə üçün müasir tələblərə uyğun evlərin tikilməsi, həyətyanı sahələrin ayrılması, kəndin “yaşıl” mühitə çevrilməsi Prezidentin qeyd etdiyi kimi, “dövlətin və vətəndaşın birgə yaradıcılığının nəticəsidir”. Bu kənddəki yeni evlər, abad küçələr, ictimai binalar təkcə sosial layihə deyil, həm də tarixi ədalətin təntənəsidir. Çünki bu torpaqlara qayıdan hər bir ailə həm azadlığın, həm də ədalətin canlı şahididir. Uzun illər köçkün həyatı yaşayan Qarabağ sakini indi Vətən torpağında firavan həyat qurur. Dövlət başçısının “siz buna layiqsiniz” sözləri isə bu səylərin mənəvi dəyərini daha da artırır.

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində çıxışı isə “Böyük Qayıdış”ın həm tarixi, həm də strateji cəhətlərini birləşdirdi. Məhz bu yaşayış məntəqələrində Vətən müharibəsinin ilk qələbələri qazanılmışdı. Azərbaycan liderinin Horovlu kəndində xatırlatdığı “Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində azad edilmişdir və bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır” sözləri də məhz bir az əvvəl vurğulanan fikrin bariz ifadəsi idi.

Bu gün həmin torpaqlarda yenidənqurma, inkişaf və sabitlik hökm sürür. 334 evin inşa edilməsi, 1400 insanın məskunlaşması və ikinci mərhələdə daha çox ailənin yerləşdirilməsi dövlətin sosial siyasətinin miqyasını göstərir. Dövlət başçısının sözləri ilə desək, burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var.

Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən enerji və sənaye layihələri isə “Böyük Qayıdış”ın iqtisadi əsasını təşkil edir. Prezident İlham Əliyevin açıqladığı kimi, artıq “Araz Vadisi İqtisadi Zonası” fəaliyyət göstərir, burada 3 müəssisə işləyir və yaxın illərdə bu sayın 20-yə çatacağı nəzərdə tutulur. Bütün bunlarla yanaşı, iki Günəş Elektrik Stansiyasının təməlinin qoyulub, üçüncünün, daha böyük stansiyanın icrası isə davam etdirilir. Beləliklə, 400 meqavat gücündə enerji istehsalı isə bu bölgənin öz ehtiyaclarını qarşılaması ilə bərabər, həm də Qarabağ və Şərqi Zəngəzuru ixrac potensialına malik enerji mərkəzinə çevirəcəyini şərtləndirir. Bununla Azərbaycan yalnız torpaqlarını deyil, iqtisadi gələcəyini də bərpa edir.

Prezident İlham Əliyevin Qarabağda genişmiqyaslı layihələrin gerçəkləşməsini nəzərdə tutaraq diqqətə çatdırdığı “bu, ədalətin təntənəsidir” fikri bu torpaqda aparılan bərpa və məskunlaşma prosesinin ideoloji mahiyyətini aydın ifadə edir. Belə ki, əgər 2020-ci ilin Zəfəri hərbi-siyasi ədaləti bərpa etmişdisə, bu gün aparılan quruculuq və məskunlaşma prosesi sosial və mənəvi ədaləti gerçəkləşdirir. Dövlət başçısının çıxışlarında tez-tez səslənən “bu torpaqların sahibləri bizik” ifadəsi isə artıq real həyatda təcəssümünü tapır. Doğma od-ocağına qayıdan hər bir ailə, salınan hər bir ağac, tikilən hər bir ev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin, xalqın Vətənə sarsılmaz bağlılığının sübutudur.

Azərbaycan liderinin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” konsepsiyası həm sosial, həm iqtisadi, həm də humanitar xarakter daşıyır. Bu siyasətin mərkəzində insan, onun rifahı və həyat keyfiyyəti dayanır. Dövlətin məqsədi vətəndaşın doğma torpağında yüksək həyat standartlarına malik olmasıdır. Ağalı, Məmmədbəyli, Horovlu və digər azad edilmiş kəndlərdə yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri, yollar, su və enerji infrastrukturu məhz bu məqsədlə qurulur. Eyni zamanda, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahələrində yaradılan iş yerləri dayanıqlı inkişafın təminatıdır.

Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşü zamanı dediyi sözlər də bunun bariz ifadəsidir: “Böyük Qayıdış”ın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur”.

Dövlətimizin başçısı keçmiş məcburi köçkünlərlə görüşündə onlara xitabən bildirdi ki, bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər – 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydandır. Bu, yalnız fiziki bərpa deyil, həm də mənəvi dirçəlişdir. 50 mindən çox insanın artıq bu torpaqlarda yaşaması və çalışması dövlətin məqsədyönlü siyasətinin uğurlu nəticəsidir. Hər bir kəndin abadlaşması, hər bir ailənin öz evinə qayıtması, hər bir məktəbdə uşaqların səsinin eşidilməsi Azərbaycanın Zəfər tarixinin davamıdır. 8 Noyabr – Zəfər Günü yaxınlaşdıqca, bu prosesin mənəvi dəyəri daha da artır – çünki bu qayıdış əbədidir, bu dirçəliş dayanıqlıdır.

Prezident İlham Əliyevin oktyabrın 28-də azad edilmiş ərazilərdə keçirdiyi görüşlər bir daha göstərdi ki, “Böyük Qayıdış” sadəcə Dövlət Proqramı deyil, milli ideologiyanın təcəssümüdür. Bu ideologiyanın mərkəzində ərazi bütövlüyü, insanın doğma torpağa qayıdışı, ədalətin bərpası və sürətli inkişaf dayanır. Zəngilanın Ağalısı və Məmmədbəylisi, Cəbrayılın Horovlusu təkcə bir regionun deyil, bütöv Azərbaycanın yeni həyat fəlsəfəsinin simvoludur. Bu yaşayış məntəqələrində həyatın yenidən qurulması Azərbaycanın müstəqillik tarixində ən mühüm mərhələlərdən birini təşkil edir. Əgər 2020-ci il Zəfər ili idisə, bu gün artıq Dirçəliş dövrüdür. Bu dirçəlişin müəllifi isə Azərbaycan xalqının iradəsi, Prezident İlham Əliyevin liderliyi və dövlətin xalqına olan sədaqətidir.

Vaqif BAYRAMOV
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr