BAKI, 30 oktyabr. TELEQRAF
"Təcrübə göstərir ki, françayzinq biznesin genişlənməsinə və xidmətlərin keyfiyyətinin artmasına kömək etməklə yanaşı, yüksək əlavə dəyər hesabına ölkələrimiz arasındakı ticarət dövriyyəsinin səmərəliliyini də artırır."
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət Nazirinin müavini Bicanova Aycan Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün françayzinq təkcə ticarətin deyil, həm də sahibkarlığın inkişafı və milli brendlərin xarici bazarlara çıxarılması üçün ən effektiv alətlərdən birinə çevrilib.
“Bu institut kiçik və orta biznesin inkişafı üçün geniş imkanlar yaradır, yeni iş yerləri açır, ölkələrimizin iqtisadiyyatları arasında qarşılıqlı inteqrasiyanı gücləndirir. Qazaxıstanda da bu format çox fəal şəkildə inkişaf edir.
Eyni zamanda, qazaxıstanlı istehsalçılar artıq beynəlxalq bazarlara da fəal şəkildə çıxırlar. Məsələn, “Happy Cake” qənnadı brendi, milli mətbəx restoranları “Tary”, “Lanzhou” və digərləri hazırda Amerika Birləşmiş Ştatları bazarına daxil olurlar. Mən bilirəm ki, bizim “Zebra” qəhvə brendimiz Azərbaycan bazarına çıxır – bu bizi çox sevindirir.
Azərbaycan Qazaxıstan üçün Xəzər istiqamətində əsas tərəfdaşdır və ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq hər il müsbət və davamlı dinamika nümayiş etdirir. Cari ilin 8 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi təxminən 350 milyon ABŞ dolları təşkil edib. Bildiyiniz kimi, dövlət başçıları bu göstəricini 1 milyard dollara çatdırmaq kimi iddialı bir məqsəd qoyublar.
Düşünürəm ki, bu məqsədə birlikdə nail ola bilərik. Tük dövlətləri üçün vahid brend altında françayzinq tərəfdaşlıqlarının inkişafında böyük potensial mövcuddur. Bildiyiniz kimi, ötən ilin iyun ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs qardaş dövlətlərimiz tərəfindən dəstəkləndi və hazırda müvafiq sənədlərin konsepsiyalarının razılaşdırılması üzrə təşkilati işlər aparılır”.
O əlavə edib ki, təşkilat yaradıldıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatının işlənməsi çox simvolik olardı:
“Bu, türk dövlətlərinin iqtisadi və mədəni potensialının beynəlxalq arenada təşviqi üçün güclü bir hərəkətverici qüvvəyə çevrilər və Çin, Avropa, Hindistan, Afrika bazarlarına çıxış imkanlarını genişləndirərdi. Amma bu, yalnız ilk addımdır. Ən vacibi sabit ticarət-logistika əlaqəsini təmin etməkdir. Bu baxımdan, əlbəttə ki, bizim Transxəzər Beynəlxalq Marşrutumuz böyük potensiala malikdir və bu gün Avrasiya ticarətinin əsas arteriyalarından biridir.
Bilirsiniz ki, son 5 ildə bu marşrut üzrə ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa nail olmuşuq – göstərici demək olar ki, 6 dəfə artıb. Keçən ilin yekunlarına əsasən, bu marşrut üzrə ticarət dövriyyəsi 4,5 milyon təşkil edib. Bu il isə həcmlər artmaqda davam edir və ilin sonuna qədər 5 milyona çatdırmağı planlaşdırırıq. Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlığa və innovasiyaların tətbiqinə xüsusi önəm verir. İT sahəsinin, süni intellektin və rəqəmsal platformaların inkişafı bu gün rəqabət qabiliyyətliliyimizi artıran əsas amillərdəndir.
İşgüzar səfərim çərçivəsində mən çox maraqlı rəqəmsal məhsullarla tanış oldum və onların mütləq milli qanunvericiliyimizə inteqrasiyasını planlaşdırırıq. Rəqəmsal həllər və françayzinq modellərinin birləşməsi ticarətimizi daha əlçatan, şəffaf və sürətli edir. Ümumilikdə, Bakıda keçirilən bu forum yeni ideyaların müzakirəsi, təcrübə mübadiləsi və qarşılıqlı tərəfdaşlığımızın genişləndirilməsi üçün konkret addımların müəyyən edilməsi baxımından əla fürsətdir”.