Payız mövsümünün simvolik tərəvəzlərindən olan balqabaq ürək-damar sağlamlığını qorumaqda mühüm rol oynayır.
AzPost aif.ru-ya istinadla xəbər verir ki, Dietoloq, tibb elmləri namizədi Nataliya Denisovanın sözlərinə görə, balqabaq hipertoniya və aterosklerozdan əziyyət çəkənlər üçün xüsusilə faydalıdır.
Mütəxəssis bildirib ki, bu tərəvəz tərkibindəki kalium, maqnezium, sink və dəmir sayəsində damar divarlarını möhkəmləndirir, artıq mayeni orqanizmdən xaric edir və ürəyin yükünü azaldır. Balqabaqda həmçinin A vitamininin əsas mənbəyi olan beta-karotin miqdarı yerkökündən 4-5 dəfə çoxdur.
Dietoloq qeyd edib ki, balqabaq C, E, K və B qrupu vitaminləri, eləcə də fol turşusu ilə zəngindir. Bu tərkib maddələri orqanizmin antioksidant müdafiəsini gücləndirərək, “pis” xolesterinin səviyyəsini azaldır və damar elastikliyini qoruyur.
Bundan əlavə, balqabağın yüksək lif tərkibi həzm sistemini tənzimləyir, ödemlərin qarşısını alır və toksinlərin təmizlənməsinə kömək edir. Xüsusilə, təzyiqdən şikayətlənən insanların rasionunda bu tərəvəzə yer verməsi məsləhət görülür.
Lakin Denisova xəbərdarlıq edib ki, balqabaq hər kəs üçün uyğun deyil. Onu şəkərli diabet, mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi və böyrək və ya öd daşı olan şəxslər ehtiyatla qəbul etməlidir. Çünki balqabağın ödqovucu təsiri daşların hərəkətini stimullaşdıra bilər.
Mütəxəssis əlavə edib ki, balqabağı bişmiş, buxarda və ya püresi şəklində istifadə etmək ən sağlam üsuldur.
