Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr arasında “Eko yazı” adlı məqalə müsabiqəsi keçirilib.
"Unikal" xəbər verir ki, müsabiqənin əsas məqsədi gənclər arasında ekoloji düşüncənin formalaşdırılması, ətraf mühitin qorunmasına marağın artırılması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək vermək olub.
Yarışmada ADAU-nun müxtəlif ixtisaslarında təhsil alan tələbələr ekoloji mövzuda yazdıqları məqalə və esse ilə iştirak ediblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, “Ekologiya” ixtisasının IV kurs tələbəsi Qumru Quliyeva və “Aqronomluq” ixtisasının III kurs tələbəsi Bayram Süleymanov I yer, “Meliorasiya mühəndisliyi” ixtisasının I kurs tələbəsi Sənan Hüseynov, “Bağçılıq və tərəvəzçilik” ixtisasının II kurs tələbəsi Səbinə Səfərova II yer, “Baytarlıq təbabəti” ixtisasının III kurs tələbəsi Gülnar Rüstəmli və “İqtisadiyyat” ixtisasının I kurs tələbəsi Ayşə Məmmədova III yeri tutublar.
Qaliblər sertifikatlarla, digər iştirakçılar isə həvəsləndirici tərifnamə ilə təltif olunublar. Tədbirdə çıxış edən münsiflər iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların ekoloji mövzulara olan marağını yüksək qiymətləndiriblər.
Müsabiqə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ndən olan DİM 13 – İqlim dəyişikliyi ilə mübarizə, DİM 15 – Quru ekosistemlərinin qorunması və DİM 17 – Əməkdaşlıq məqsədlərinə əsaslanıb.