Azərbaycan 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransında iqlim fəaliyyətini sürətləndirmək və ölkələr arasında etimadı gücləndirmək üçün mühüm addımlar atdı. Bizim məqsədimiz yalnız danışıqlar aparmaq deyil, fəaliyyətə keçmək, vədləri real nəticələrə çevirməkdir. Bu sahədə səyləri davam etdirməyin vaxtıdır.
COP prezidentləri dərnəyi panelində “Planet üçün yeni koalisiyalar” mövzusunda müzakirələr zamanı ölkəmizin təmsilçisi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bu açıqlamasının davamında COP29 prosesindən irəli gələn iqlim maliyyələşməsinin ədalətli artırılması, iqlim diplomatiyasında etimadın bərpası və inteqrasiya və şəffaflıq kimi əsas istiqamətləri qeyd edib.
COP29 prezidenti bildirib: “Əfsuslar olsun ki, 2024-cü və 2025-ci illərin ambisiyaları arasında fərq çox böyükdür. Keçən il iqlim liderləri dünya üzrə fəal idilər, bu il isə ambisiyalı təşəbbüsləri görmürük”. O, Belem şəhərində keçiriləcək COP30 konfransında bu istiqamətdə “Bakıdan Belema yol xəritəsi” adlı yeni sənədin təqdim olunacağını da bildirib.
Azərbaycan rəsmisi söyləyib ki, sənədin məqsədi, iqlim maliyyələşməsini 300 milyard dollardan 1,3 trilyon dollara qədər artırmaq üçün konkret mexanizmlərin hazırlanmasıdır.
***
Paris Sülh Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-dan COP30-a: Qlobal İqlim Dialoqunun irəlilədilməsi və XIII Qlobal Bakı Forumuna hazırlıq” mövzusunda görüş də keçirilib.
Serbiyanın sabiq prezidenti Boris Tadiçin moderatorluğu ilə müzakirələrdə Xəzər dənizinin hüquqi statusu, enerji və ekoloji əməkdaşlıqla bağlı gündəlik məsələlər də yer alıb. Toplantıda 2026-cı ilin mart ayında keçiriləcək XIII Qlobal Bakı Forumunun təqdimatı da olub.
Görüşdə COP29 Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, eləcə də COP20, COP21, COP22, COP24 və COP30 prezidentləri, Avropa ölkələrinin bir sıra sabiq liderləri və nüfuzlu rəsmiləri çıxış ediblər.
XQ