BAKI, 30 oktyabr. TELEQRAF
“Qlobal və regional vəziyyəti analiz etdikdən sonra Ermənistan və Azərbaycan bəlkə də ümumi maraqların mövcudluğunu görməyə başlayıblar, xüsusilə də Cənubi Qafqaz ölkələrinin talelərinin bir-biri ilə bağlı olduğunu anlayıblar. Bu, onilliklər boyu davam edən düşmənçilikdən sonra daha aydın görünür”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Azərbaycanla bu mövzuda razılığa gəlmək məsələsini hələ müzakirə etməyib:
“Bəlkə artıq başa düşməyə başlayırıq ki, ümumi maraqlar üçün ortaq razılaşma mümkündür, xüsusilə müstəqillik, suverenlik və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından. Tarix göstərib ki, bu, bizim üçün faydalıdır.
Məsələn, XX əsrin əvvəllərində biz müstəqilliyi birlikdə, üç gün ərzində əldə etmişik. 1918-ci ildə müstəqilliyimizi qazandıq və bir neçə il sonra həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan müstəqilliyini itirdi. 1991-ci ildə müstəqilliyimizi eyni zamanda yenidən qazandıq və müəyyən müddətdən sonra başa düşdük ki, bəlkə ümumi təhlükə mövcuddur.
Buna görə də dövlətçiliyimizin inkişafı, müstəqilliyimiz və suverenliyimizin qorunmasına diqqət yetirməyə qərar verdik. Fikrimcə, bu, çox vacib faktordur”.
 
                        