Kulis.az Həmid Herisçinin "Ölməmisən ki?" adlı yeni şeirini təqdim edir.
 Hərdən iynə
 batırt dizinə,
 get lap dərinə,
 Su səp üzünə,
 təsir etməyəndə
 De özünə
 Ölməmisən ki?
 Divardakı kölgən
 heç səninkidir ki?
 İnanma Bakı metropolitenində
 ingiliscə elanlar oxuyan səsə
 inanma səsə, əgər o daxili deyilsə...
 Videokadra, əgər, çiyindən çəkilməyibsə,
 insanınkı deyilsə...
 Küləyə də inanma
 əgər qapına, pəncərəmə
 meyilli deyilsə....
 Əgər sirr deyilsə,
 Ölməmisən ki?....
 İsaya da inanma,
 insan deyilsə...
 əgər ancaq peyğəmbərdirsə.
 Əgər sən bunu deməyibsənsə...
 De özünə
 Ölməmişəm ki?
 Güzgüdəki 
 Heç sənsənmı?
 Sənə nə dəxli
 Şəxsiyyət vəsiqəsindəki...
 Qəfil bir dabanın üstə qanrılıb
 Geriyə dönsən,
 Qədim ruhları hürkütməsən,
 görsən
 ardınca gələn bütün mələkləri, rəhmətlikləri,
 Üzərindəki rəhbərliliyi...
 Bir tabloya sığışdırsan
 bu dağınıq mənzərəni
 Demək, şəxsiyyət vəsiqəsindəki foton,
 Bu aldadıcı fantom
 hüceyrələrindəki ilkin atom
 Elə sənindi...
 Demək, ölməmisən ki...
 Düyməsini bas, qoy səsini artırsın
 Səsgücləndirici
 Arxada burax bütün bu cındırtresti...
 Süni zəkaya dodaq büz,
 de ki
 -Day bəsdi!
 Ölməmişəm ki...
 
                        