AZ

Tramp Çinə “endirim” etdi, Putinə “nüvə mesajı” göndərdi

"ABŞ və Çin arasında ticarət sahəsində razılaşma əldə olunub. Ancaq bu müvəqqəti xarakter daşıyacaq".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə Cənubi Koreyada görüşünün nəticəsi olaraq Ağ Ev sahibi Çinə tətbiq etdiyi gömrük rüsumunu 10 faizə endirdiyini bildirib:

"Donald Tramp geri qayıdarkən təyyarəsində jurnalistlərə verdiyi açıqlamada, Çindən idxal olunan mallara, ölkəyə gətirilən narkotik maddə sayılan fentanil səbəbindən, Çinə 20 faiz rüsum tətbiq etdiyini, ancaq indi rüsumları 10 faizə endirdiyini vurğulayıb. Görünür, Si Cinpin fentanil maddəsinin Amerikaya ixracının qarşısını alacağını vəd edib. Çünki, Trampın sözlərinə görə, Pekin fentanil axınının qarşısını almaq istiqamətində işləyəcək. Si Cinpin Trampa söz verib ki, Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarını, o cümlədən soya paxlasının idxalını artıracaq.

Beləliklə, iki dövlət arasında ticarət sahəsində razılaşma əldə olunub. Ancaq bu müvəqqəti xarakter daşıyacaq".

Politoloq qeyd edir ki, bu saziş bir il müddətinə qüvvədə olacaq və daha sonra yenidən nəzərdən keçiriləcək. İkincisi, sazişin hər hansı bəndi yerinə yetirilməsə Trampın Çin məhsullarına yenidən yüksək gömrük rüsumları tətbiq edəcəyi istisna deyil:

"Bu arada, “Reuters” xəbər agentliyinin yaydığı məlumata görə, ABŞ, Çin şirkətləri tərəfindən istehsal edilən telekommunikasiya avadanlıqlarına milli təhlükəsizlik riski hesab edilən qaydaları sərtləşdirib.

ABŞ-la Çin arasında ticarət razılaşmasının əldə edilməsinə baxmayaraq, təhlükəsizlik sahəsində fikir ayrılıqları qalır. Donald Tramp Pekinin Rusiyaya Ukrayna müharibəsini dayandırmaq üçün təzyiq etməməsindən narazıdır. Trampın nüvə sınaqlarını bərpa etməsi də iki ölkə arasındakı münasibətlərə yaxşı heç nə vəd etmir. ABŞ 33 ildən sonra ilk dəfə olaraq nüvə silahlarını sınaqdan keçirəcək. Doğrudur, Ağ Ev sahibi bu qərarını Rusiyanın siyasətinə görə edib. Rusiya Prezidenti Vladimir Putinin hər dəfə nüvə başlıqlıq raketlərlə ABŞ-ın hədələməsi Trampı hövsələdən çıxarıb. Buna görə də Ağ Ev sahibi Putinə nüvə sınaqlarına başlamaqla cavab verməyi lazım bilib. Tramp artıq ABŞ Müharibə Nazirliyinə müvafiq göstəriş verib".

Elxan Şahinoğlunun fikrincə, Tramp nüvə sınaqlarına başlamaqla Rusiya ilə yanaşı Çinə də mesaj göndərib:

"Çünki, Ağ Ev sahibinin sözlərinə görə, Çin nüvə silahlarının sayına görə 5 il ərzində Amerikanı ötəcək. Digər tərəfdən ABŞ-ın Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirməsi də Çinin regional siyasəti ilə bağlıdır. Donald Trampın Yaponiyaya səfərindən bir gün sonra Pentaqon rəhbəri Pit Heqsetin “ABŞ ilə Yaponiya arasındakı alyans Çinin hərbi aqressiyasının qarşısını almaqda həlledici rol oynayır” açıqlaması təsadüfi deyil. Vaşinqton Tokioya hərbi xərclərini arıtmağı məsləhət görüb. Yaponiya hökuməti hələ ki, ümumi daxili məhsulun 2 faizi həcmində müdafiə xərclərinə yönəldib, gələcək də bu Vaşinqtonun tələbinə uyğun olaraq 5 faizə çatdırılacaq".

Xalidə Gəray
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr