“Bəzi oyunçularımızın performansı istənilən səviyyədə olmadı”.
Offsideplus.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Təcrübəli mütəxəssis "Neftçi"yə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Neftçi"ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Gediminas Orelik də həmçinin effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. Rəqib də müəyyən fərqi yaratdıqdan sonra rahat oynamağa başladı. Atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra çalışıb avropa səhnəsində qələbə qazanmağa çalışacayıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. "Neftçi"yə avropa səhnəsində uğurlar arzu edirəm.
- "Neftçi"nin baş məşqçisi matçın sonunda baş verənlər (5 saniyə qalmış taym-aut, xal fərqinin artırması tələbi ) haqqında açıqlamalarında özlərinə bəraət qazandırdı və belə halın avro kuboklarda olmasının normal olduğunu bildirdi. Sizin baş verənlərə də münasibətiniz necədir:
- Bu normal haldır. Fərqi artırmaq istəyirdilər. Ən yaxşı 2-ci kimi qrupdan çıxmaq istəyirlər və bunun üçün top fərqini yaxşılaşdırırlar. Lakin bizimlə daha bir oyunları var. O görüş həlledici ola bilər. Yəni bizimlə son görüş olsaydı biraz durumu anlaya bilərdim. Amma qarşıda bizdən başqa Polşa və Estoniya komandaları ilə görüşlər də onları gözləyir”.
Qeyd edək ki, "Abşeron Lions" - "Neftçi" matçı "ağ-qaralar"ın 104:86 hesablı qələbəsi ilə yekunlaşıb.
 
                        