Zəfər qələbəsinin 5 illiyi ərəfəsində ölkənin müxtəlif bölgələrində şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Milli Məclisin deputatı Məşhur Məmmədov da bu mövzuda paylaşım edərək, qələbənin tarixi əhəmiyyətindən və şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz hərb tarixinə yeniliklər yazaraq torpaqlarımızı işğaldan azad edib.
“Zəfər qələbəsinin 5 illiyinə hazırlaşırıq. Təbii ki, sonsuz qürur hissi keçirir, qələbəni bizə bəxş edənləri unutmuruq. Təəssüf ki, müharibənin yazılmayan qanunları var. Qələbə nə qədər sevindirsə də, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın şəhadətə qovuşması bizi kədərləndirir,” – deyə Məşhur Məmmədov bildirib.
Millət vəkili əlavə edib ki, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, lakin onların mənəvi dəstəyə də hər zaman ehtiyacı var.
“Bu dəfə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərimlə birgə Masallının Lürən İnzibati Dairəsində şəhid ailələri ilə görüşdük, qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib gül düzərək ehtiramımızı bildirdik. Ailələri dinlədik,” – deyə deputat vurğulayıb.
Məşhur Məmmədov həmçinin qeyd edib ki, illər keçdikcə şəhid ailələrinin səsləndirdiyi problemlərin aradan qaldırılması istiqamətində müsbət dəyişikliklər müşahidə olunur:
“Əvvəl səsləndirilən problemlər növbəti illərdə təkrarlanmır. Bu, sevindirici haldır, çünki göstərir ki, dövlətimizin yerlərdəki aidiyyəti qurumları hər zaman şəhid ailələrinin yanındadır, onlardan maddi və mənəvi dəstəklərini əsirgəmirlər.”
Sonda deputat bütün şəhidlərə rəhmət, ailələrinə səbir diləyib:
“Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin!”