BAKI, 30 oktyabr. TELEQRAF
“Azərbaycan hərbçilərinin Qəzza zolağında yerləşdirilməsi üçün bölgədə atəşkəsə riayət olunmalıdır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert razılaşmaya baxmayaraq, Qəzza sektorunda vəziyyətin təhlükəli olaraq qaldığını bildirib:
“Rəsmi Bakı ABŞ-nin istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitləşdirici qüvvələrin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyacın olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. Ancaq fikrimcə, bu da yetərli deyil, İsrail və HƏMAS atəşkəsə riayət etməlidir. Əks halda, heç bir ölkə, o cümlədən Azərbaycan öz hərbçilərini Qəzzaya göndərməyəcək.
Sülhməramlı qüvvələr atəşin mərkəzində qalmamalıdır. Məsələn, Misirdə ABŞ və 20-dən çox dövlətin liderinin iştirakıyla atəşkəslə bağlı razılaşma əldə edilib. Buna baxmayaraq, HƏMAS atəş açır, İsrail bombalayır. Bu, atəşkəs deyil. Belə vəziyyətdə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi mümkün olmayacaq”.
Elxan Şahinoğlu əlavə edib ki, HƏMAS üzvlərinin tərksilah olunması sülhməramlı qüvvələrin vəzifəsi deyil: “Sülhməramlılar yalnız humanitar yükləri müşayiət və inzibati binaların təhlükəsizliyini təmin edə bilərlər. Təəssüf ki, Qəzzadakı durum hələ bu mərhələyə gəlib çıxmayıb”.
 
                        