
“Dünən gecə Rusiya silahlı qüvvələri Ukraynanın demək olar ki, bütün vilayətlərini, şəhərlərini kinjal, kalibr, isgəndər raketləri və geran PUA-ları ilə atəşə tutub. Bir neçə enerji obyektləri, hərbi sənaye kompleksini təmin edən strukturlar raketlərlə vurulub”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Onun bildirdiyinə görə, bu proseslər ona görə baş verir ki, qarşıdan qış gəlir və Rusiya Ukraynanın enerji sisteminə zərbələr vurmaqla Ukrayna ordusunun təminatını, vuruşmaq qabiliyyətini azaltmaq məqsədi qarşısına qoyub: “Həm də sözsüz ki, Rusiya enerji obyektlərini vurmaqla əhalinin həyatına mənfi təsir göstərir, əhali elektrik enerjisindən məhrum olur və Zelenski hakimiyyətinə qarşı daxili narazılıq yaradır. Belə bir vəziyyətdə əsas məqsəd odur ki, Rusiya istəyir ki, öz şərtləri əsasında Zelenski hakimiyyətini sülhə məcbur etsin. Mən bunu dəfələrlə söyləmişəm ki, bu artıq iflas müharibəsidir. Kim güclü olacaqsa, kimin resursları çoxdursa o, üstünlüyü əldə edəcək”.
Röya İsrafilova