Macarıstanın baş naziri Viktor Orban noyabrın 7-də ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Ağ Evə səfər edəcək. Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də Rusiya–ABŞ sammitinin təşkili məsələləri müzakirə olunacaq.
Editor.az xəbər verir ki, bu barədə məlumat baş nazirin aparat rəhbəri Gergely Gulyás tərəfindən keçirilən brifinqdə açıqlanıb.
“Macarıstanın baş naziri noyabrın 7-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın qonağı olacaq”, – deyə Gulyás bildirib.
Onun sözlərinə görə, danışıqlara hazırlıq tam sürətlə davam edir. Görüş zamanı enerji, hərbi-sənaye, iqtisadi və maliyyə əməkdaşlığı sahələrində bir sıra ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.
Səfər həmçinin ABŞ və Avropa İttifaqı arasında münasibətlər fonunda, eləcə də Rusiya ilə Qərb arasında artan geosiyasi gərginlik şəraitində xüsusi diqqət mərkəzindədir.
//Gülnarə Abasova, Editor.az