AZ

Ermənistan nüvə təhlükəsizliyi üçün 5 milyon avro yardım alacaq

Ermənistana 5 milyon avro maliyyə yardımı ayrılacaq və bu məbləğ ölkədə nüvə təhlükəsizliyi və radiasiyadan mühafizə sahələrinin gücləndirilməsinə yönəldiləcək. Vətəninfo.az xəbər verir ki,  bu barədə oktyabrın 30-da Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan hökumətin iclasında məlumat verib.

David Xudatyan bildirib ki, bu yardım Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında imzalanan “Ermənistanda nüvə təhlükəsizliyi və radiasiyadan mühafizənin gücləndirilməsi” üzrə maliyyə sazişinin çərçivəsində veriləcək. Bu saziş, 2024-cü ildə qəbul edilmiş əvvəlki sazişin davamıdır. Ötən dövr ərzində Ermənistana ümumilikdə 12,9 milyon avro vəsait ayrılıb və bu vəsait hidrogenlə bağlı qəzaların idarə olunması və risklərin azaldılması üçün istifadə edilib.

Nazir David Xudatyan əlavə edib ki, 2011-ci ildə Fukusima AES-də baş vermiş qəza sonrası mövcud atom elektrik stansiyalarının riskləri qiymətləndirilib və fövqəladə hallarda ortaya çıxa biləcək problemlərin proqnozlaşdırılması üçün stress testləri hazırlanıb. Bu testlərin nəticələrinə əsasən müvafiq vəsaitlər ayrılaraq, məsələn, dizel generatorları alınıb ki, elektrik enerjisi sistemində nasazlıq yaranarsa, bu generatorlar istifadə oluna bilsin.

Yeni 5 milyon avroluq yardımın əsasən fövqəladə vəziyyətlərdə hidrogenin idarə olunmasına yönəldiləcəyi bildirilir. Bununla yanaşı, bu vəsaitin bir hissəsi Ermənistan Atom Elektrik Stansiyasına veriləcək avadanlığın alınmasına, digər hissəsi isə Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsi tərəfindən Avropa ekspertləri ilə birlikdə təhlükəsizlik sənədlərinin təhlilinə sərf olunacaq.

Seçilən
21
veteninfo.az

1Mənbələr