AZ

Kremlin Ukrayna müharibəsinin bir ilə başa çatacağı ilə bağlı fikri nəyə əsaslanır?

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Moskva uzağı bir ildən sonra Ukraynanın imkanlarının tükənəcəyi və Kiyevin təslim olacağı qənaətindədir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyevin Ukrayna müharibəsinin bir il ərzində başa çatacağı barədə proqnozunu şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, onlar araşdırma aparır, tərəflərin imkanlarını, maddi güclərini, insan resurslarını, silah-sursatla bağlı imkanları hesablayır və onun nəticəsində müharibənin haçan başa çatacağı ilə bağlı proqnozlar səsləndirirlər:

"Belədə düşünürlər ki, qüvvədən salma müharibəsi gedirsə, Ukraynanın imkanları Rusiyanın imkanlarından azdır. Nəzərə alaq ki, Qərb Ukraynaya lazımi qədər yardım və kömək etmir. Belədə o nəticəyə gəlirlər ki, bir ildən sonra Ukraynanın imkanları tükənəcək və Kiyev təslim olacaq".

Ekspert qeyd edib ki, reallıqda isə hər şey, yəni müharibənin nə qədər davam edəcəyi, hansı sonluğa gətirib çıxaracağı, Qərbin Ukraynaya verəcəyi dəstəkdən asılıdır:

"Möcüzə baş versə, Qərb qeyrətə gəlib Ukrayna xalqı qarşısında məsuliyyət daşıdığını anlasa, onda Kiyevə hərbi yardımı da artırarlar. Belə olan halda isə Ukrayna güclü müqavimət göstərə və hətta bəlkə müharibənin gedişini də dəyişə bilər. Yəni Qərb real lazım olan köməyi etməsə, bir ilə müharibənin bitəcəyilə bağlı Rusiya rəsmilərinin proqnozları özünü doğrulda bilər".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Ukrayna ilə müharibənin bir il ərzində başa çatacağının anonsunu verib.  Ər-Riyada keçirilən investisiya konfransında çıxışı zamanı o deyib: "Biz əminik ki, sülh yolundayıq və sülhpərvər kimi bunu mümkün etməliyik".

Kiril Dmitriyev müharibənin bir il ərzində başa çatacağına inandığını söyləyib və əlavə edib ki, hazırda insanlar Rusiyanın ətrafındakı regional münaqişəyə diqqət yetirirlər: "Amma biz istəmirik ki, bu, daha geniş münaqişəyə çevrilsin".

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr