AZ

“Azərbaycana yeni müharibə lazım deyil” - Zərdüşt Əlizadə

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qələbəsi erməni cəmiyyətinin ağlını başına gətirəndən sonra görüş baş tutub"

Regionun geosiyasi mənzərəsi 44 günlük Zəfər savaşının təsiri ilə dəyişsə də, bir çox Qərb, Avropa təsisatları hələ də öz maraqları müstəvisində hərəkət edir və bir çox hallarda qərəzli çıxışlarından əl çəkmirlər. Azərbaycan-Ermənistan vətənaş cəmiyyətləri fəallarının görüşünün baş tutduğu bir ərəfədə Avropadan ölkəmizə qarşı yönələn əks-çıxışlar birmənalı qarşılana bilməz. Bu, vaxtilə münaqişədə olan tərəflərin bir-birinə yaxınlaşması prosesini özünün kurasiyasında saxlayan bəzi qərb təsisatlarının kənarda qalmasından narahatlıq kimi önə çəkilir.

Belə bir şəraitdə Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətlərinin keçirdiyi görüşlər hansı əhəmiyyəti daşıyır və nə vəd edir? Müsahibimiz politoloq Zərdüşt Əlizadədir.

- Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti fəallarının bir araya gəlməsi nə dərəcədə zəruridir və əks-təsirlərə müqavimət gücü nə qədər davamlı olacaq?

- Azərbaycan-Ermənistan münaqişəsi başlayandan Azərbaycan vətəndaş cəmiyyəti çalışırdı ki, Ermənistan vətəndaş cəmiyyəti ilə birlikdə müharibəsiz hansısa bir sülh razılaşması əldə olunsun. Təəssüflər olsun, erməni vətəndaş cəmiyyəti bunu anlamadı. Düşünürdülər, onların qələbəsi daimidir, Qarabağı heç vaxt əldən verməyəcəklər, Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadir deyil və sair. Azərbaycanın qələbəsi erməni cəmiyyətinin ağlını başına gətirəndən sonra, artıq hər iki tərəfin cəmiyyət nümayəndələri görüşüb danışırlar. Bu, həm bir-birlərini tanımaları, həm də cəmiyyətə faydalı olan fikirləri hökumətə, xalqa çatdırmaq üçün ortaya atılır. Mən çox sevinirəm, Azərbaycan və Ermənistan cəmiyyətinin fəalları görüşür və danışır. Eyni zamanda şadam ki, hökumət vətəndaş cəmiyyətinin fəallarının görüşməsinə, danışmasına şərait yaradır.

- Azərbaycana qarşı hələ də qərəzli çıxışlarından əl çəkməyən bir çox Qərb təsisatları bu prosesdə hansı rola malikdir?

- Qərb imperialist siyasəti aparan dövlətləri təmsil edir. Vaxtilə Rusiya, Fransa, ABŞ Minsk qrupunda oturub münaqişənin həlli bəhanəsi ilə vaxtı uzadırdılar. Bu qurumda olan dövlətlər “İşğalçıya toxunma!” deyirdilər. Beləcə, 30 il torpaqlar işğalda qaldı, amma bu qurum hələ də işğalçı dövlətə qarşı heç bir tədbir görmürdü. Eyni zamanda, oyun oynayırdılar, vətəndaş cəmiyyətlərinə müəyyən məbləğdə pul ayırırdılar ki, onlar görüşüb danışsınlar. Mən özüm də sülhpərvərlik prosesində iştirak etmişəm. Bu fəaliyyətimiz çərçivəsində Amerikada, Avropanın bir çox ölkələrində olmuşam və erməni vətəndaş cəmiyyətinin yüzlərlə fəalı ilə görüşüb tanış olmuşam. Görmüşəm ki, Emənistan vətəndaş cəmiyyəti bizim vətəndaş cəmiyyətindən fərqli olaraq, öz hökumətinin müti quludur. Bir-iki nəfəri çıxmaq şərtilə, hamısı hökumətin çaldığı zurna ilə oynayır. Ona görə də bizim demokratik, sülh istəklərimiz baş tutmadı. İndi isə İrəvana, Brüsselə Azərbaycan vətəndaş cəmiyyətinin xeyli sayda savadlı, inkişaf eləmiş nümayəndələri gedirlər və hökumət bu səfərlərə maneə olmur, əksinə, şərait yaradır. Vaxtilə bu şəraiti Qərb təsisatları yaradırdı, indi bunu hökumət özü edir. Məsələ, artıq həll olunub deyə, Qərbin donor təşkilatlarının bu hadisəyə marağı sönüb.

- Ermənistanda revanşist qüvvələrin, müxalifətin bu prosesə yanaşması nədir?

- Ermənitsan müxalifəti, xüsusilə də Sarkisyan, Köçəryan tərəfdarları bu prosesə pis baxırlar. Müxalifətin isə Emənistan cəmiyyətində bir gücü, hörməti yoxdur. Onlar vaxtilə hakimiyyətdə olublar və xalqa o qədər zülm, vətənə o qədər xəyanət ediblər ki, artıq erməni xalqı onlara inanmır. Bu münasibəti Azərbaycanda Xalq Cəbhəsi Partiyasına da şamil etmək olar. Son dərəcə demokratik seçkilər keçirilsə belə, AXCP qalib gələ bilməz. İkiillik hakimiyyətləri dövründə o qədər rüsvay olublar ki, bütün gələcəklərini itiriblər. O cümlədən də Ermənistanda Sarkisyan, Köçəryan, Petrosyan gələcəklərini itiriblər.

- Ermənistan sülh danışıqları prosesindən yayınmaqla hansı riskli addımları ata bilər?

- Əvvəla, Azərbaycana yeni müharibə lazım deyil. Biz Qarabağı qaytarmışıq, ərazilərimiz özümüzdədir. Ermənistanın Qərbdə kifayət qədər havadarları var. Onlar bizim üstümüzə düşüb, Azərbaycanın artan nüfuzunu aşağı salmağa çalışırlar. Ağlı olan adam başa düşür ki, Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyulub. Prezidentimiz bunu yüksək kürsülərdən də bəyan edib.

Ermənistanda bəzi qüvvələr Zəngəzur dəhlizinin açılmasında hansısa riskləri önə çəkirlər. Təbii ki, bu, münaqişəni saxlamaq istəyən Avropanın, Qərbin bəzi təsisatlarının uydurmasıdır. Digər tərəfdən, Zəngəzur dəhlizi açılsa da-açılmasa da, azərbaycanlılar Naxçıvana da gedir, başqa ölkələrə də. Bizim hərəkət etmək üçün heç bir müşkülümüz yoxdur. Sadəcə, Zəngəzur dəhlizini açmağın geosiyasi, iqtisadi əhəmiyyəti var. 

Ermənistanda Paşinyan hakimiyyəti sülh istəyir,  ona maneə olanlar var. Bəzi Qərb ölkələri, eləcə də erməni diasporları vaxtilə olduğu kimi, indi də bu prosesə əngəl yaratmağa çalışırlar. Türkiyəyə nifrət edən diasporalar və Rusiyanın Ermənistanda olan 5-ci kalonu bu prosesə maneə olur. Paşinyan da manevr edir: bir addım irəli, yarım addım geri gedərək, yavaş-yavaş cəmiyyəti sülh prosesinə inandırmağa, artıq Qarabağı unutdurmağa çalışır. Eyni zamanda, qonşu ölkələri ərazi iddiasından əl çəkməyə çağırır, deyir ki, Ararat dağı bizim deyil, qonşu ölkənindir.

- Sizcə, Ermənistanla Azərbaycan arasında yenidən münaqişə prosesi başlaya bilər?

- Düşünmürəm ki, bundan sonra nə vaxtsa Azərbaycanla Ermənistan arasında müharibə olacaq. Birincisi, Azərbaycan heç vaxt müharibə istəməyib və istəmir də. Digər tərəfdən, Ermənistanın özünün müharibə aparmaq şansı, gücü yoxdur. Demarkasiya, delimitasiya, sülh sazişinin imzalanması, konstitusiyada dəyişikliyin edilməsi hələ həllini tapmasa da, düşünürəm ki, buna görə narahat olmağa dəyməz. Əgər Ermənistanın təkrar Azərbaycanla müharibə aparıb qələbə çalmaq şansı yoxdursa, onun konstitusiyasında nəyin yazılması bizə maraqlı deyil. İstəyirlər Marsı, Ayı da Ermənistan torpağı elan edib yazsınlar, bunun bizə dəxli yoxdur, bu, xalqın fikrini yayındırmaqdır.

- Vətəndaş cəmiyyətlərinin görüşünü Vaşinqton görüşünün davamı hesab etmək olar?

- Vaşinqton görüşü çox əhəmiyyətli idi. Bu görüş Rusiyanın regiona təsirini bir qədər azaltdı. Bu, Azərbaycana imkan verdi ki, Qərbin, Avropanın da təzyiqini azaltsın, bizə qarşı olan təsirləri zəiflətsin. Paşinyana da lazım idi. Bununla göstərsin ki, Ermənistana yeni hami axtarır və Rusiya bu prosesdə lax çıxdı. Ona görə də Ermənistan Baş naziri ABŞ-ı özünə yeni hami kimi cəmiyyətə təqdim etmək istəyir. ABŞ-nin başı hazıra başqa regionlarda özünə qarışıb və buna vaxtı yoxdur. Məlumdur ki, Donald Tramp regionda sülhü yaradan əsas lider olaraq Nobel mükafatı almağa çalışırdı və 7 bölgədə sülhü təmin etdiyini bəyan edirdi. Hamıya isə yaxşı məlumdur ki, faktlar başqadır...

Seçilən
40
hafta.az

1Mənbələr