Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi İranın nüvə silahı hazırlamadığını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qaldığını bildirib.
Bu barədə Qrossi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, İran haqqında Nyu-Yorkda və ya Vyanada qərar qəbul ediləndə rəsmi Tehran eyni reaksiyanı göstərir. Qrossi qeyd edib ki, bu cür qərarlar adətən Tehranın BAEA ilə əməkdaşlığını azaltması ilə nəticələnir və bundan təəssüfləndiyini bildirib. O, məsələni dəfələrlə iranlı tərəfmüqabilləri ilə müzakirə etdiyini vurğulayıb.
Qrossi bildirib ki, İran Fransa, Almaniya və Böyük Britaniya (E3) tərəfindən “snapback” mexanizminin tətbiqinə, BAEA ilə əməkdaşlığını yenidən nəzərdən keçirmək qərarı ilə cavab verib. Onun sözlərinə görə, İran rəsmiləri “Nüvə Silahlarının Yayılmaması rejiminə sadiq qalmaq niyyətlərini və qətiyyətlərini” bir daha təsdiqləyiblər. Qrossi bu mövqeni çox müdrik addım kimi qiymətləndirib.
BAEA rəhbəri bildirib ki, agentliyin müfəttişləri iyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibədən sonra təhlükəsizlik səbəbi ilə ölkəni tərk etməyə məcbur olublar. O, həmin vaxtdan bəri Tehranla münasibətləri bərpa etməyə çalışdıqlarını qeyd edib.
Qrossi həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi və digər rəsmilərlə tez-tez əlaqə saxladığını bildirib.
İranın nüvə silahı hazırlayıb-hazırlamadığı ilə bağlı suala cavab verən Qrossi deyib: “Xeyr, hazırlamırlar. Mən bu barədə çox açıq olmaq istəyirəm.”
BAEA-nın iyun hesabatına istinad edən Qrossi qeyd edib ki, sənəddə İranın belə bir proqram üzərində işlədiyinə dair heç bir sübut yoxdur və bu istiqamətdə əhəmiyyətli fəaliyyətin aparıldığını göstərən dəlillər müşahidə edilmir.
Xatırladaq ki, avqustun 28-də Fransa, Böyük Britaniya və Almaniya (E3) İranın 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl etmədiyini bildirərək, BMT sanksiyalarını yenidən tətbiq etmək üçün “snapback” mexanizmini işə saldıqlarını elan ediblər. Bu qərar ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli çıxmasından sonra qəbul olunub.
İsrail, ABŞ və bir sıra Avropa ölkələri İranı nüvə silahı hazırlamağa cəhd etməkdə ittiham edir. Tehran isə bu iddiaları rədd edərək, nüvə proqramının tamamilə dinc məqsədlərə – enerji istehsalına və mülki istifadəyə yönəldiyini bəyan edir.