AZ

Bakıda “Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib

Bakıda Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi keçirilib.

Day.Az xəbər verir ki, tədbir Bakı Ekspo Mərkəzində dövlət strukturları nümayəndələrinin iştirakı ilə baş tutub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında tədbirin yeni imkanların yaranmasına və qarşılıqlı əməkdaşlıqların qurulmasına şərait yaratdığını bildirib:

"Bu gün müasir texnologiyaların tətbiqi tibb sahəsində daha çevik, səmərəli və şəffaf idarəetməyə, həmçinin pasiyent məmnuniyyətinin yüksəlməsinə səbəb olur. "Medinex" sərgisi məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Burada səhiyyə mütəxəssisləri, avadanlıq tibbi sərf və ləvazimat istehsalçıları, eləcə də investorlar bir araya gələrək bilik və təcrübə mübadiləsi aparır, yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Bu sərgi həm də ölkəmizdə tibbi texnologiyaların inkişafına, beynəlxalq tərəfdaşlıqların güclənməsinə və səhiyyə sahəsində ən son yeniliklərin tətbiqinə təkan verir. Əminəm ki, sərgidə nümayiş olunan hər bir yenilik və təcrübə, gələcəkdə Azərbaycan səhiyyəsinin dayanıqlı inkişafına, vətəndaşların isə sağlam həyat tərzinin təmin edilməsinə töhfə verəcək."

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində qeyd edib ki, "Medinex" səhiyyə sahəsində ən son nailiyyətləri və innovativ həlləri təqdim etmək üçün əhəmiyyətli platformadır:

"Agentlik olaraq, sərgidə icbari tibbi sığorta sisteminin üstünlükləri, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və yeni layihələrimiz haqqında məlumat veririk. Eyni zamanda, səhiyyə mütəxəssisləri və tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndiririk. "Medinex" sərgisi həm dövlət, həm də özəl səhiyyə müəssisələri ilə əməkdaşlığı gücləndirmək, yeni texnologiyaları və ən yaxşı təcrübələri öyrənmək baxımından böyük fürsətlər yaradır. Bu tədbirdə iştirakımızla vətəndaşlarımızın sağlamlığını qorumaq və tibbi xidmətləri əlçatan etmək üçün daha bir addım atmış oluruq. Əminəm ki, "Medinex" sərgisi qarşılıqlı faydalı əməkdaşlıqların qurulmasına və səhiyyə sektorunun inkişafına mühüm töhfə verəcəkdir."

Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi 3 gün davam edəcək.

"Medinex" sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB sərgidə öz stendləri ilə iştirak edirlər.

Seçilən
25
day.az

1Mənbələr