AZ

Zorlu Törə: Azərbaycanın Şimali Kiprdə səfirlik açmasını istəyirik - MÜSAHİBƏ

BAKI, 30 oktyabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sabiq sədri, millət vəkili Zorlu Töre "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zorlu bəy, Şimali Kipr Türk Cümhuriyyətdə (ŞKTC) yeni siyasi hakimiyyət formalaşır. Oktyabrın 19-da keçirilən prezident seçkilərində qələbə qazanan Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürmanın rəhbərliyi ilə Şimali Kiprin həyatında hansı dəyişikliklərin olacağı gözlənilir?

- Təbii ki, prezident seçkilərində federasiya və yaxud Şimalı Kipr Türk Cümhuriyyəti şəklində idarəetmənin formalaşacağı ilə bağlı fərqli fikirlər səsləndi. Amma bu refendum şəklində olmadı. Kipr xalqının da bununla bağlı narahatlıqları var idi. Hətta mövcud iqtidara qarşı da etirazlar səslənirdi. Beləliklə də seçkilərdə qutudan belə bir nəticə çıxdı. Amma ŞKTC-yə kimsə toxuna bilməz. Şimali Kipr Cümhuriyyəti öz yoluna davam edəcək. Bu cümhuriyyəti bizə nə Avropa, nə rumlar, nə də ki, Amerika hədiyyə etməyib. Şimali Kipr Cümhuriyyəti şəhid və qazilərimizin bizə əmanətidir. Bizlər də bu dövləti əbədi olaraq yaşadacağıq. Kimsə bu dövlətə toxuna bilməz. Kiminsə dövlət başçısı seçilməsi, fərqli fikirlərə sahib olması mümkündür. Amma bunun kiminsə bacarması mümkün deyil. Çünki Şimali Kiprin Milli Məclisi, hökuməti mövcuddur. Həmçinin Türkiyə burada zəmanətçi əsas dövlətdir. Ona görə də kiminsə yerindən durub bu işləri belə “aparacam” və “reallaşdıracam” deməsi reallığa uyğun deyil və o, bu iddiaları reallaşdıra bilməz.

- Rum kəsiminin istək və arzuları nədən ibarətdir?

- Rumların arzu və istəkləri bitib qurtarmayan hədəflərlə bağlıdır. Onlarla kiminsə razılığa gəlməsi çox çətindir. Çünki dünyada ermənilər, yəhudilər və rumlar eyni düşüncəyə malikdir. Onlar davamlı olaraq türk millətinin əleyhinə qarşı çıxır və genişlənmə siyasəti həyata keçirməyə çalışırlar.

- Sizcə, Şimali Kiprdə genişləndirmə və federasiya ilə bağlı siyasətin uğur qazanması nə dərəcədə realdır?

- Bu siyasətin uğur qazanması mümkün deyil. Yeni seçilmiş Prezident Tufan Ərhürmanın bu məsələdəki mövqeyi bəllidir. Amma bundan öncə də Kiprdə rumlarla federasiya qurmaq istəyənlər də uğur qazanmayıblar. Ərhürmana qədər seçilmiş iki lider bu məsələdə xəyal qırıqlığına uğradılar. Onlar da rumların yanaşmasında heç bir dəyişiklik olmadığının fərqində oldular. Bu mənada Şimali Kiprdə kimin dövlət başçısı olmasından asılı olmayaraq, onların rumlarla razılığa gəlməsi ehtimalı çox zəifdir. Məhz bu baxımdan da ŞKTC-i öz yoluna davam edəcək. Bizlər də burada növbədə olmağımızla yanaşı, prosesləri də yaxından müşahidə edirik. Çünki Şimali Kipr dövləti Türkiyə dövlətinin bir qalasıdır. Bundan imtina etmək müzakirə mövzusu ola da bilməz.

- ŞKTC-nin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bundan sonrakı fəaliyyəti ilə bağlı gözləntilər nədən ibarətdir?

- TDT-də Şimali Kipr dövlətinin müşahidəçi üzvlüyü mövcuddur. Bizim də arzumuz odur ki, Şimali Kipr Cümhuriyyəti bu təşkilatın tam hüquqlu üzvü olsun. Sözsüz ki, hazırda dövlətimizin bayrağı TDT-nin sıralarındadır. Amma biz artıq Şimali Kipr Cümhuriyyətinin rəsmi olaraq tanınmasını istəyirik. Yaxşı əlaqələrin qurulması fonunda daha çox addımların atılmasını gözləyirik.

- Azərbaycanla bağlı əsas gözləntiləriniz nədir?

- Türkiyə dövləti necə ŞKTC-də səfirlik açıb, onu rəsmi olaraq tanıyıbsa, Azərbaycandan da eyni yanaşmanı sərgiləməyi gözləyirik. Çünki Cənubi Qafqazda bizə ən yaxın türk dövləti Azərbaycandır. Orta Asiyada olan digər türk dövlətləri bir qədər ehtiyatlı davranış sərgiləyir. Bunun müqabilində isə Azərbaycandan daha cəsur addımlar atıldığını görmüşük. Bu addımların davamı olaraq, rəsmi Bakının Şimali Kipr Türk Cümhuriyyətini dövlət kimi tanımasını istəyirik. Dünyada baş verənlər bizdən bunları tələb edir. Qəzzada fələstinlilərin başlarına gətirilənlər, Rusiyanın Ukrayna ərazilərini işğal faktı və dünyanın digər bölgələrində zülm və imperialist siyasətin nəticələri ağrılı fəsadlara yol açır.

- Kipr adasında federasiya və digər müstəvidə təklif edilən təşəbbüslər sizlər üçün hansı təhdidlər yarada bilər?

- Biz bu yoldan geri çəkilsək taleyimiz qəzzalılarınkı kimi olacaq. Çünki rumların və yunanların əsas hədəfi “böyük Yunanıstandır”. Biz Kipr türkləri bunun önündə əsas əngəl olaraq qalırıq. Ona görə də biz daha güclü olmalıyıq. Bu baxımdan Şimali Kiprdə siyasi hakimiyyətlərin dəyişməsi Əhmədin gedib, Məmmədin gəlməsi dövlətin mövcudluğunu ortadan qaldıra bilməz. Dövlət əbədi olaraq davam edəcəkdir. Şimali Kipr artıq “yavru vatan” deyil, türk millətinin vətənidir. “Nə mutlu türküm” deyən hər kəsin vətəni Şimali Kipr dövlətidir. Qafqaz Azərbaycan, Anadolu türkün vətəni olduğu kimi Şimali Kipr də türklərin əbədi vətənidir.

Seçilən
28
teleqraf.com

1Mənbələr