ABŞ Prezidenti Donald Tramp Çinin nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər məsələsinin "həll olunduğunu" elan edib. Amerika lideri gələn ilin aprel ayında Pekinə səfər edəcəyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp Çin liderı Si Cinpinlə Cənubi Koreyanın Pusan şəhərində təxminən iki saat davam edən görüşdən sonra Vaşinqton və Pekinin "bir çox məsələdə razılığa gəldiyini" bildirib. O, ABŞ-nin Çinlə "tezliklə" ticarət müqaviləsi imzalaya biləcəyini qeyd edib.
Çin lideri Si Cinpin danışıqlar zamanı bildirib ki, "iki ticarət və iqtisadi qrupumuz əsas narahatlıqlarımızın həlli ilə bağlı əsas konsensusa gəlib və ümidverici irəliləyiş əldə ediblər".
Çin Xarici İşlər Nazirliyi "dialoqun qarşıdurmadan daha yaxşı olduğunu" və "iki liderin iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığı gücləndirmək və daha aktiv insanlararası mübadiləni təşviq etmək barədə razılığa gəldiyini" bildirən bəyanat yayıb. Nazirlik Si Cinpinin nümayəndə heyətlərinin "əsas iqtisadi və ticarət məsələləri üzrə dərin fikir mübadiləsi apardıqlarını və müxtəlif problemlərin həlli ilə bağlı konsensusa gəldikləri" və "növbəti addımları tez bir zamanda hazırlamalı və yekunlaşdırmalı, əldə edilmiş razılaşmaların effektiv həyata keçirilməsini və onlara riayət olunmasını təmin etməli, beləliklə, hər iki ölkədə və qlobal iqtisadiyyatda konkret nəticələr vasitəsilə etimad yaratmalı olduqlarını" bildirib.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, "son zamanlar Çin və ABŞ arasında iqtisadi və ticarət münasibətləri yüksəliş və enişlər yaşayıb və bu da hər iki tərəfə bəzi ibrətamiz dərslər verib. Praktik münasibətlər Çin-ABŞ münasibətlərinin lövbəri və hərəkətverici qüvvəsi kimi xidmət etməyə davam etməlidir, maneə və ya sürtünmə mənbəyi deyil. Hər iki tərəf geniş düşünməli və qarşılıqlı tədbirlərin qapalı dövrəsindən çıxaraq əməkdaşlığın uzunmüddətli faydalarını qəbul etməlidir. Hər iki komanda bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda ruhunda danışıqları davam etdirə, problemli məsələlərin siyahısını daim daralda və əməkdaşlıq sahələrinin siyahısını genişləndirə bilər".
Tramp təyyarədə jurnalistlərə Si Cinpinlə əla görüşü barədə danışıb və onu böyük lider adlandırıb.
Amerika liderinin dediyinə görə, razılaşmanın şərtləri hər il nəzərdən keçiriləcək. "Amma düşünürəm ki, bu, uzun müddət qüvvədə qalacaq", - deyə o izah edib.
Tramp Çinin nadir torpaq metallarının ixracına qoyduğu məhdudiyyətlər məsələsinin "həll olunduğunu" bəyan edib:
" Bu, bütün dünya üçündür... Bu, təkcə ABŞ-d' deyil, bütün dünyada mövcud olan bir vəziyyət idi. Artıq Çindən heç bir maneə yoxdur".
Xatırladaq ki, Çin sentyabr ayının sonlarında Vaşinqtonun texnologiya ixracına nəzarəti genişləndirməsinə cavab olaraq vacib mineralların ixracına nəzarəti gücləndirib.
Tramp bildirib ki, Birləşmiş Ştatlar fentanil üçün kimyəvi maddələrin ABŞ-a axınına cavab olaraq əvvəllər tətbiq edilən bütün Çin mallarına tarifləri dərhal ləğv edəcək.
Çinin Ticarət Nazirliyi Pekinin nadir torpaq metallarının ixracına nəzarət tədbirlərini dayandırdığını təsdiqləyib. Çin hökumətinin rəsmi xəbər agentliyi olan Sinhua nazirliyin şərhlərini dərc edib.
ABŞ Amerika limanlarına daxil olan Çin gəmilərindən xüsusi rüsumların yığılmasını bir il müddətinə dayandıracaq. Çin Amerika gəmilərinə qarşı əks tədbirlərini bir il təxirə salacaq.
ABŞ 301-ci maddəyə əsasən Çinin dənizçilik, logistika və gəmiqayırma sənayesi ilə bağlı araşdırmasını bir il müddətinə dayandıracaq. Öz növbəsində, Çin həmçinin ABŞ-yə qarşı əks tədbirlərini donduracaq.
Ağ Ev bildirib ki, "bir çox məsələdə razıyıq və dərhal, bu gündən etibarən böyük həcmdə soya və digər kənd təsərrüfatı məhsulları alınacaq".
ABŞ fentanil məsələsində Pekinə təzyiq göstərmək üçün Çin mallarına 20 faiz tarif tətbiq edib. Trampın sözlərinə görə, ABŞ bu tarifi 10 faizə və ümumi yükü 57 faizdən 47 faizə endirəcək.
ABŞ lideri həmçinin gələn ilin aprel ayında Çinə səfər edəcəyini açıqlayıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"