AZ

Direktor olmaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Bu gündən direktorların işə qəbuluna başlanılıb, 80-ə yaxın yer vakantdır.

Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni yanaşmalar əsasında təşkil olunur. Yeni qaydalar əsasında proses məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim aparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünmə qabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək.

Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çox namizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onların peşəkar, həmçinin şəxsi kompetensiyalarının geniş qiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib.

Namizədlərə bildiririk ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək.

Direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor portalı vasitəsilə aparılacaq.

Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderlərin gətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün real imkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşa təsir edən idarəetmə mühitinin formalaşdırılmasını təmin edəcək.

Seçilən
15
far.az

1Mənbələr