AZ

Pakistan ABŞ-dan ilk dəfə neft aldı

Ajans.az Dawn qəzetinə istinadən xəbər verir ki, neft Pakistanın emal şirkəti Cnergyico PK tərəfindən amerikalı treyder Vitol-dan alınıb. “Pegasus” tankeri təxminən bir milyon barel xam nefti Bəlucistan əyalətindəki Karaçi limanına çatdırıb. Bu addım Pakistanın xam neft idxalının şaxələndirilməsi və ABŞ ilə ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunur. Əvvəllər Pakistan əsasən Yaxın Şərq ölkələrindən karbohidrogen idxal edirdi. Razılaşmaya əsasən, ikinci partiyanın noyabrın ortalarında, üçüncü partiyanın isə 2026-cı ilin əvvəlində çatdırılması planlaşdırılır. Bu tədarükün Pakistanın ABŞ-la ticarət balansını təxminən 200 milyon dollar yaxşılaşdıracağı gözlənilir. Müqavilə 30 iyun tarixində, aprel ayından bəri davam edən danışıqlardan sonra əldə olunub. Danışıqlar ABŞ prezidenti Donald Trampın Pakistan idxalına 29 faiz tarif tətbiq etməklə hədələməsindən sonra başlanmışdı. Bunun ardınca Pakistanın Maliyyə və Neft Nazirlikləri yerli emal zavodlarını Amerika mənşəli xam neftin idxalını nəzərdən keçirməyə çağırmışdı. Neft Pakistanın əsas idxal məhsulu olaraq qalır. 2024–2025 maliyyə ilində bu məqsədlə 11,3 milyard dollar, yəni ölkənin ümumi idxalının təxminən 20 faizi xərclənib.

 

Seçilən
29
2
Ajans.az

3Mənbələr