İsrailin Baş naziri Benyamin Netanyahunun texnologiya nəhəngləri "Google" və "Amazon" ilə 1,2 milyard dollarlıq gizli "Nimbus" müqaviləsi imzaladığı ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, İsrail sözügedən iki şirkətə "göz qırpma mexanizmi" adlanan qeyri-adi bir şərt tətbiq edib. Şərtə görə, xarici məhkəmə və ya hökumət İsrail məlumatlarına giriş tələb etdikdə, şirkətlər bunu birbaşa açıqlaya bilməzlər. Bunun əvəzinə, onlar pul köçürmələri vasitəsilə gizli bir siqnal göndərməlidirlər.
Məsələn, ABŞ-dan gələn bir sorğu üçün +1 ölkə koduna qarşılıq min şekel, İtaliya üçün +39 ölkə koduna uyğun 3900 şekel və ölkənin adı tamamilə gizli saxlanılırsa 100 min şekel xüsusi ödəniş tələb olunur. Bu, İsrailə məlumatlarını hansı ölkənin aldığını gizli şəkildə izləməyə imkan verir.
Sazişin digər bir vacib bəndində "Google" və "Amazon"-un heç bir halda İsrailin bulud infrastrukturuna girişi dayandıra bilməyəcəyi nəzərdə tutulur. Şirkət siyasəti, xarici təzyiq və ya hətta beynəlxalq tənqid bunu dəyişdirə bilməz. İsrail Maliyyə Nazirliyinin sənədlərinə görə, bu bənd "şirkətlər standart müqavilələrini İsrailin təhlükəsizlik ehtiyaclarına uyğun olaraq yenidən formalaşdırmalıdırlar" deməkdir.