AZ

3+3 görüşünün Bakıda və ya İrəvanda keçirilməsi: Regionda “kövrək sülh” üçün yeni mərhələ- ÖZƏL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, 3+3 formatında növbəti toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Hazırda iki ölkə arasında bu barədə müzakirələr aparılır. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Serkis Xandanyan isə regionda yaranmış "kövrək sülh"ün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kommunikasiyaların açılması və "Tramp yolu" layihəsi həm Ermənistanı, həm Orta Asiyanı Avropa ilə yaxınlaşdıracaq və regional təhlükəsizliyə töhfə verəcək.
3+3 formatının növbəti iclasının Bakıda və ya İrəvanda keçirilməsi regionda etimad mühitinə hansı real təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib: 
"Regionda vəziyyət dəyişib, müsbətə doğru irəliləyib. Bunun səbəbi bu ilin 8 avqustunda Vaşinqtonda imzalanan "Vaşinqton Sülh Bəyannaməsi"dir.  Orada həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Paşinyan, həm də Tramp iştirak edərək sülh bəyannaməsini imzaladılar və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflandı. Bundan sonra bölgədə sabitlik yarandı və Azərbaycanın istədiyi kimi də sülh müqaviləsi paraflandı. Yəni, Azərbaycanın hazırladığı sülh müqaviləsi paraflanıb və əsas məqsədimiz, yolumuz olan Azərbaycan ilə Naxçıvanın birləşdirən yolun açılmasıdır, yəni Zəngəzur dəhlizinin açılması, indi isə Tramp marşrutunun açılmasıdır. Bu istiqamətdə həmin avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında müqavilə imzalandı və artıq Tramp marşrutunda da hərəkətlənmə var. ABŞ  nümayəndələri oraya gəldilər və 42 km-lik yolun çəkilişi, kommunikasiya məsələləri gündəmdədir. Ermənistan da bu istiqamətdə  çalışır. Onların da dediyi kimi,   Qərb və Şərqi birləşdirən bu yol Ermənistanla yanaşı, həm də Azərbaycanın, xüsusilə Naxçıvanın inkişafına töhfə versin. Hesab edirəm ki, bu işlər Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində əldə olunub. Azərbaycanın son illərdə güclənən beynəlxalq nüfuzu, qələbəsi və regionda artan rolu qlobal dünyanın əsas oyunçularından birinə çevrilməsinə səbəb oldu. Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edən də  Azərbaycan oldu.  Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi və bir neçə dəfə görüşlərində hər dəfə Azərbaycan Prezidentini güclü lider kimi qiymətləndirib. Bu, Azərbaycanın diplomatik fəaliyyətinə, Cənab Prezidentin son illər apardığı işlərə  verilən yüksək qiymətdir. 
3+3 formatı da  artıq gündəmdədir və bu danışıqların Azərbaycanda və Ermənistanda keçirilməsi nəzərdə tutulur.  Çünki Azərbaycan yeni sülh əldə olunması üçün mühüm addımlar atıb. Azərbaycan Prezidenti Qazaxıstanda Tokayevlə görüş zamanı bildirdi ki, biz Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə veririk.  Bu, Azərbaycanın əsas tələblərinin həyata keçirilməsinin göstəricisidir. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də sülh müqaviləsini özü hazırladı. Burada da ilki Azərbaycan Prezidenti etdi. Biz kommunikasiyaları açdıq və Ermənistana daşınan yüklərin Azərbaycan vasitəsilə daşınmasına icazə verdik. Bu da Qazaxıstandan Ermənistana aparılan taxılla əlaqədar oldu.  
Bu addımlar dünyada böyük əks-səda doğurdu. Avropa İttifaqının rəhbərliyi də Azərbaycanın bu fəaliyyətini dəstəklədi. Hesab edirəm ki, vəziyyət artıq normallaşmaq üzrədir və Azərbaycanın haqlı tələbləri yerinə yetirilir. Artıq Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı  torpaq iddialarını olduğunu etiraf edir. Ermənistanın baş naziri bunu etiraf edib və qeyri-dəqiq yazıların düzəldilməsinin vacib olduğunu bildirib. Hesab edirəm ki, əvvələr deyilirdi Ermənistanda parlament seçkilərindən sonra bu məsələyə baxılacaq. Görünür ki, ola bilsin ki, konstitusiya dəyişiklikləri  ya parlament seçkiləri zamanı, ya da ondan əvvəl olacaq.
Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda görüşlər keçirdilər və artıq Azərbaycanla Ermənistan arasında olan  etimad mühiti öz nəticəsini verməyə başlayıb. Bu, 3+3 formatının Bakıda keçirilməsində heç bir problem yoxdur və eyni zamanda İrəvanda da keçirilə bilər. Artıq Azərbaycan nümayəndələri də iştirak edə biləcək. Çünki həmin etimad mühiti yaranıb. Aranı pozmağa çalışan qüvvələr artıq görünmür. Onların başı öz işlərinə qarışıb.
Artıq Azərbaycan və Ermənistan etimad mühitini qorumağın vacibliyini anlayır. Onlar bilir ki, bu yaranmış "kövrək sülhü" qorumalıdırlar. Bu məhz, Ermənistanın, erməni xalqının gələcəyi  üçün də  vacibdir. Azərbaycan isə həmişə sülhün tərəfində olub və bu gün də sülhü dəstəkləyir. Hesab edirəm ki,  8 avqusta qoyulan sülh prosesi davam edir və Tramp marşrutu açıldıqdan sonra həm Azərbaycanda, həm də Ermənistanda bunun faydalarını görmək mümkün olacaq" . 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr